Baş səhifə    » İNCƏSƏNƏT    » Kitabçılıq   

Kitabçılıq

  


Bütün dünyada, o cümlədən Azərbaycanda kitabxanaçılıq sənətinin inkişafı XI əsrə aid edilir. Bu dövrdən başlayaraq daha möhtəşəm əsərlər qələmə alınmış, onların qorunub-saxlanılması üçün kitabxanalar yaradılmışdır. 

Kitab nəşrinin müasir səviyyəsi
Azərbaycanda böyük dövlət nəşriyyatları ilə bərabər, özəl nəşriyyat şəbəkəsi də fəaliyyət göstərir. Belə ki, “Azərnəşr”, “Maarif”, “Gənclik”, “Azərbaycan”, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi kimi dövlət nəşriyyatları ilə birgə 150-dən çox özəl nəşriyyat evləri kitab çapı və digər poliqrafiya işləri ilə məşğuldur..
Statistikaya görə, hər il ölkədə müxtəlif elm sahələrinə aid 3000 addan çox kitab və kitabça buraxılır. 


Əbülhəsən Bəhmənyar (993-1066)
- Azərbaycanda kitabxanaçılıq sahəsində əvəzsiz xidmətlər göstərmiş şəxslərdən biri, İbn Sinanın tələbəsi.
XI əsr Azərbaycan kitabının ən böyük yaradıcısı Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Kitabxanada onun öz əsərləri də əsas yer tuturdu: "Təhsil kitabı", "Məntiqə dair zinət kitabı", "Gözəllik və səadət kitabı", "Metafizika elminin mövzusu", "Mövcudatın mərtəbələrinə dair traktat" və s. "Təhsil kitabı" müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Əsərin sonrakı illərdə köçürülmüş fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin (MŞM) kitabxanasında saxlanılır. Ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında (Beyrut, İstanbul, Qahirə, London, Vatikan) mühafizə edilən, səkkiz əsr dünyanı əlyazma halında dolaşan bu kitab ilk dəfə 1971-ci ildə Tehranda ərəb dilində nəşr olunmuşdur. Əsərin həcmi 900 səhifədir.

Xətib Təbrizi (1030-1109) -
Azərbaycan kitabxanaçılığının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri.
X.Təbrizinin Təbrizdə zəngin şəxsi kitabxanası olmuşdur. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından bir neçə kitab da aparmışdır. O, Bağdadda dəfn edilərkən həmin kitabların (17 adda) və bütün əsərlərinin sərgisi təşkil edilmişdir.

Nəsrəddin Tusi (1201-1274)
- Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində xüsusui rolu olan məşhur alim.
Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış "Seyyidəna" kitabxanasında müdir işləmişdir. N. Tusi Hülaki xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana təşkil edib dünyanın müxtəlif ölkələrindən bura 400 mindən çox kitab toplamışdır. Çox təəssüf ki, Hülaki xandan sonra Bağdadı zəbt etmiş sərkərdələr, o cümlədən Teymurləng həmin kitablardan tonqal qalamışlar.

Fəzlullah Rəşidəddin (1247-1318)-XIII-XIV əsr Azərbaycan kitabxanaçılığının inkişafında müstəsna rolu olan şəxslərdən biri.
F. Rəşidəddin Təbriz, Qazaniyyə və b. şəhərlərdə kitabxanalar təsis etdirmişdir. Özünün adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir. 60 mindən çox kitabı olan hər iki kitabxanaya, o cümlədən Azərbaycanın ilk universiteti sayılan «Rəşidiyyə» Universitetinin kitabxanasına, şəhərin məscid və şəfa evi kitabxanasına kitablar İran, Hindistan, Misir, Çin, Yunanıstan, Bizans və b. ölkələrdən toplanılmışdı. Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar N.Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı hesab edilirdi.



Oxunub: 119076