Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Qarğışlar və alqışlar   

Qarğışlar və alqışlar

  

İnsan şüurlu fəaliyyətində daim xeyir və şərlə qarşılaşmalı olmuşdur. Xeyir və şər anlayışının yaranması ilə erkən təsəvvürlərdə xeyri alqışlamaq, şəri isə qarğışlamaq anlayışı da yaranmışdır. Arzulamaq, bəyənmək mənasında başa düşülən “alqış”ın mənası alqışlama-xoş söz, qırmızı sözlə bağlı olmuşdur. Xeyirin əksi şərdir. Xeyiri alqışlayan insan şəri pisləməklə qarğış yaratmışdır.
 
Xalq arasında yaşamaqda olan alqış və qarğışlar aşağıdakı kimi qruplaşdırılır:
1. Mərasimlə bağlı yaranan alqış və qarğışlar
2. Məişətlə bağlı yaranan alqış və qarğışlar
3. Mifoloji və dini təsəvvürlərin təsiri ilə yaranan alqış və qarğışlar

Mərasimlə bağlı yaranan alqış və qarğışlar
Bu alqış və qarğışlar mərasim ritualları ilə bağlıdırlar və xalq arasında geniş yayılmışlar: “Bəylik hamamına gedəsən”, “Toy şirnini yeyim”, “Gəlinlik lampanı yandırım”; “Boyuna qəmiş ölçüm”, “Adın daşlara yazılsın”, “Adını adlara qoyum” və s.

Məişətlə bağlı yaranan alqış və qarğışlar
Bu tip alqış və qarğışlar da geniş yayılmışdır və məişət xarakteri ilə seçilir: “Evin abad olsun”, “Duz-çörəkli olasan”, “Süfrən açıq olsun”; “Evin yıxılsın”, “Ocağın sönsün”, “Yurduna süpürgə çəkilsin” və s.

Mifoloji və dini təsəvvürlərin təsiri ilə yaranan alqış və qarğışlar
İnsan həyatı dərk etdikcə ayrı-ayrı qüvvələri, obrazları fetişləşdirmiş, onlara inam bəsləmiş, sonralar isə bu inanc və etiqadlar sistemi alqış və qarğışlarda da öz əksini tapmışdır: “Şərdən uzaq olasan”, “Bəxt ulduzun sayalı olsun”, “Ocağın sönməz olsun”, “Həzrət Abbas köməyin olsun”; “Ulduzun axıb gedən olsun”, “Qapında bayquş ulasın”, “Səni tapşırıram Həzrət Abbasa”.



Oxunub: 110177