Baş səhifə    » İNCƏSƏNƏT    » Xəttatlıq   

Xəttatlıq haqqında

  

İslam aləmi tərəfindən mənimsənib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir. İncəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olub. İslam dünyasının mədəni dəyərlərini özündə əks etdirən xəttatlıq hazırda İslamın simvolu kimi qəbul edilir. 
Xəttatlıq İslam tarixinin ən ilkin mərhələsində yaranıb. Xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlayıb. İslam dinində canlıların surətini yaratmaq qadağan olduğuna görə, yazı sənəti daha çox inkişaf edib. Allahın kəlamına duyulan hörmət və Quranı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarıb. Buna bağlı olaraq təzhib, əbru və cild sənətləri meydana gəlmiş, hətta kağızçılıq, mürəkkəbçilik belə bir sənət qolu halına gəlib çıxıb.
Xəttatlıq İslamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi.
Tədricən xəttatlıq müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq, savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür.
Xəttatlıq əvvəllər daha çox kitab yazılmasında istifadə edilib. Xətt sənəti daha sonralar memarlıqda istifadə edilməyə başlanılıb.
Xəttatların fəaliyyəti nəticəsində ərəb əlifbasının 6 əsas xətt növü yaradılmışdı: süls, nəsx, mühəqqəq, reyhani, touqi və rəqa. Bunları birlikdə klassik altılıq adlandırırlar. Bu yazı çeşidləri xəttatlıqda ən çox yayılanlardandır. Bu çeşidlər qələmlərin quruluşu, istifadə sahələrinə görə sonradan daha da çoxalıb. 
İslam tarixində əhəmiyyətli yerə malik olan xəttatlıq sənəti bir çox əcnəbi rəssamın da marağına səbəb olub. Dahi rəssam Pikasso xəttatlıq nümunəsini “Bu həqiqi bir rəsm əsəri” kimi qiymətləndirib. Van Qoq isə məhz xəttatlıq vasitəsilə rəssamın ürəyindən keçəni nümayiş etdirə biləcəyini demişdi.

Azərbaycanda xəttatlıq 
Azərbaycanda xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Bunlar xəttatlıq tarixinə "altı usta" adı ilə daxil olmuşlar. Həmin "altılıq”a daha bir azərbaycanlı usta - şeyx Əhməd Sührəvərdi də daxil idi. Mübarək şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bilirdi və onun həmin xətlərlə yazan xeyli ardıcılları vardı.
XIV əsrdə Azəbaycanda bütün müsəlman dünyasında məşhurlaşan bir xəttat - Xacə Mir Əli ibn İlyas Təbrizi (1330-1405) yetişib. Azərbaycanın xəttatlıq tarixində ömrünü ağacişləmə sənətinə həsr etmiş usta Hacı Əhməd oğlunu (XIV əsr, Təbriz), usta Babanı (XVIII əsr, Bakı), usta Abuzər Bədəlovu (XVIII - XIX əsrlər, Şahbuz), usta Əhmədi (XIX əsr, Lənkəran), usta Məhəmmədi (XIX əsr, Gəncə) və s. onlarla sənətkarı misal göstərmək olar.
XV əsrin ən görkəmli xəttatlarından sayılan Cəfər Təbrizi mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycanın böyük xəttatlarından biri, nəstəliq, təliq və süls xəttləri ilə yanaşı, həm də klassik xəttlərdə yazmağı bacaran onlarla məşhur xəttatın müəllimi olub.
Cəfərin həyatı Orta Asiyanın Teymur tərəfindən istilası dövrünə düşür. Təbrizdə Cəfər Təbrizi Azərbaycan hökmdarı, Teymurun oğlu Miranşahın sarayında fəaliyyət göstərib. Bir müddət sonra isə o da bir sıra digər usta, rəssam və xəttatlarla birlikdə Herata, Teymurun o biri oğlu Şahruxun yanında çalışmağa gəlir. Burada Şahruxun oğlu Baysunqurun yanında işləyib, kiçik bir kitabxana-emalatxanaya rəhbərlik edib. Orada 40-a yaxın xəttat əlyazmaların üzünü köçürməklə məşğul olublar. Bunlardan başqa, emalatxanada miniatürçülər, qızıl suyu ilə işləyənlər, dəri aşılanması və bəzədilməsi üzrə ustalar, bərpaçı və cildçilər də vardı.
Cəfər Təbrizi tez-tez kitabxanada görülmüş işlər haqqında Baysunqur Mirzəyə hesabatlar təqdim edirmiş. Həmin hesabatlardan biri (iyun, 1427) hazırda İstanbuldakı Topqapı Sarayının muzeyində saxlanılır. Hesabatda kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə 18 miniatürçü, xəttat, cildçi, tərcüməçi və qızıl suyu ilə işləyən usta və digərləri haqqında məlumatlar da vardır.
Baysunqur öldükdən sonra Cəfər onun qardaşı Əla əd-Dövlənin yanında çalışır. Cəfər 1413-1452-ci illərdə yaradıcılıqla daha fəal məşğul olub. Sonralar məşhur xəttat kimi tanınmış şagirdləri Əzhər Təbrizi və Şah Mahmud Zərrinqələm Hafinəs nəstəliqi ondan öyrənmişdilər. Onun şagirdləri arasında klassik xətlərlə yazan ustalar da vardı.
Şahzadə Baysunqurun sarayında yaşadığı dövrdə Cəfər Təbrizi bir sıra kitabların üzünü köçürmüşdü ki, onlar da xəttatlıq tarixinə yaxşı məlumdur. Firdovsinin “Şahnamə”si (1430), Sədinin “Gülüstan”ı (1427), Nizami Gəncəvinin “Xəmsə”si (1431) onun nəstəliq xətti ilə üzünü köçürdüyü kamil xəttatlıq nümunələrindəndir. Bu nüsxələr Parisin, Dublinin, Tehranın, İstanbulun, Sankt-Peterburqun məşhur kitabxana və muzeylərində saxlanılır.
Dahi sənətkar 1480-ci ildə 65 yaşında Herat şəhərində dünyasını dəyişib.



Oxunub: 295942