Baş səhifə    » İDMAN    » Beynəlxalq yarışlar   

Beynəlxalq yarışlar

  

Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan həm də bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. bu kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir.  Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilmişdir. Son illərdə  dünyanın idman ictimaiyyətinin diqqətini çəkən, sayca daha çox ölkə və idmançıların qatıldığı  ən irimiqyaslı yarışları  təqdim edirik:

Yeniyetmə cüdoçuların Avropa çempionatı

2003-cü ildə Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində yeniyetmə cüdoçuların Avropa çempionatı keçirilmişdir. Yarışda qitənin 30 ölkəsindən 300-dək cüdoçu iştirak etmişdir.

Bədii gimnastika üzrə dünya kuboku 
2004-cü ildə Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kuboku mərhələ yarışı keçirilmişdir. Yarışda dünyanın 22 ölkəsindən 47 gimnastı iştirak etmişdir. 

Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri
2004-cü ildə Bakı İdman Sarayında taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri keçirilmişdir. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparmışdır. 

Bədii gimnastika üzrə 27-ci dünya çempionatı

2005-ci ildə Bakıda, Heydər Əliyev adına İdman-Konsert kompleksində bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilmişdir. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak etmişdir.

Hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı
2006-cı ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçilər arasında sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı keçirilmişdir. 
Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparmışdır.  

Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı
2007-ci il sentyabr ayında Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı keçirilib. Çempionatda 102 ölkədən 2500-dən çox idmançı iştirak etmişdir.  

Paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı 
2007-ci ildə Bakıda görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı keçirilmişdir. Qitə çempionatı Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış  olmuşdur. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan  yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstandan 100-dən çox idmançı iştirak etmişdir.  

Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı
2009-cu ildə Bakıda, Heydər Əliyev adına İdman Konsert Kompleksində bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilmişdir. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak etmişdir.

Qaydasız döyüş üzrə Dünya kuboku 
2009-cu il Bakı İdman Sarayında Yarışda Pankration-qaydasız döyüş üzrə üçüncü Dünya kuboku yarışı keçirilmişdir. Yarışda Azərbaycan millisi də daxil olmaqla, ümumilikdə 25 ölkədən olan 120-dən çox idmançı baş mükafat uğrunda mübarizə aparmışdır. 

Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı
2010-cu il  Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı keçirilmişdir. Yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançısı iştirak etmişdir. 

Bodibildinq üzrə 64-cü dünya çempionatı 
2010-cu ildə Bakıda, Heydər Əliyev Sarayında kişilər arasında bodibildinq üzrə 64-cü dünya çempionatı keçirilmişdir. Yarışda 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparmışdır.  

Gənclər arasında boks üzrə dünya çempionatı 
2010-cu ildə Bakıda  Sərhədçi Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə dünya çempionatı keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak etmişdir. 
 
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı
2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı keçirilmişdir.  Yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı iştirak etmişdir. 

Cüdo üzrə “World Masters” beynəlxalq turnir
2011-ci ildə Bakıda reytinq xalları verən ―World Masters seriyasından beynəlxalq turnir keçirilmişdir. Turnirdə 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparmışdır.  

Cüdo üzrə Dünya Kuboku 
2011-ci il Bakıda, Sərhədçi İdman Olimpiya Mərkəzində 2012-ci il London Yay Olimpiyadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya Kuboku yarışları keçirilmişdir.  
 
Boks üzrə XVI Dünya Çempionatı
2011- ci il Sentyabrın 26-dan oktyabrın 8-dək Bakı şəhərində təşkil olunan boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparmışdır. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Bu çempionat həm də 2012-ci il London olimpiyadasına lisenziya xarakteri daşımışdır.

Yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı
2012-ci il 21-27 avqust tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirilmişdir. Dünya çempionatında 41 ölkədən 850 idmançı iştirak etmişdir.
 
17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı 
FIFA U-17 Qadınlararası Dünya Çempionatı 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında keçirilmiş və yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak etmişdir. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiri və Avrasiyada baş tutan  ilk U-17 qadınlararası dünya çempionatı olmuşdur.
 
“GT3 və klassik Formula 1” yarışı

2012-ci il oktyabrın 26-28-də Bakıda ilk dəfə olaraq keçirilən “GT3 və klassik Formula 1” yarışlarının “City Challenge”  Bakı avtoparadı keçirilmişdir. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak etmiş və  2,1 kilometrlik yarış zolağını qət etmişlər. Yarış  300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.



Oxunub: 429759