Baş səhifə    » MUSİQİ    » Ansambllar   

Ansambllar

  

Azərbaycan Dövlət Rəqs Ansamblı

Azərbaycan Dövlət Rəqs Ansamblı (ADRA) 1970- ci ildə yaradılıb. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ artisti Leyla Bəkirova və respublikanın xalq artisti Əlibaba Abdullayev rəhbərlik edib. 1984-cü ildən Dövlət Rəqs Ansamblına Azərbaycanın xalq artisti Afaq Məlikova rəhbərlik edir.
Ansamblın repertuarında Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Cahangir Cahangirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Emin Sabitoğlunun və başqalarının musiqisi əsasında yaradılan rəqslər var. 

“Qaya” Dövlət Ansamblı
Bu qrupu 1956-cı ildə A.Zeynallı adına Musiqi Məktəbində təhsil alan 4 tələbə -Teymur Mirzəyev, Arif Hacıyev (xor dirijoru), Rauf Babayev (zərb alətləri) və Lev Yelisovetski (nəfəs alətləri – truba) yaradıblar.1972-ci ildə Azərbaycan SSR Nazirlər Soveti və Mədəniyyət Nazirliyinin qərarı ilə “Qaya”ya Dövlət Ansamblı statusu verilib.
1980-ci illərdə ansambl böyüyərək “Qaya” Dövlət Estrada-Simfonik Orkestri vokal qrupu adlandırılıb. Üzvü 100-dən artıq olan bu qrupun tərkibində kamera orkestri, rok qrupu, caz-xor və solistlər var idi.
Ansamblın sənətkarlığı və professional musiqimizdə tutduğu yer dünya şöhrətli musiqiçilər Q.Qarayev, F.Əmirov, R.Hacıyev, T.Quliyev, M.Rastropoviç, Q.Vişnevskaya, M.Kajlayev və başqaları tərəfindən yüksək qiymətləndirilmişdi.
2001-ci ildən Mədəniyyət Nazirliyinin təklifi ilə R.Babayev “Qaya”Dövlət Ansamblının rəhbəri təyin edilib. Elə həmin ildə nazirliyin təşəbbüsü ilə “Bəri Bax” vokal qrupu da ansamblın tərkibinə daxil edilib.

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Ü.Hacıbəyov tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Ü.Hacıbəyovla yanaşı azərbaycanın tanınmış bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansambl vəfatından sonra F.Əmirovun adını daşıyıb.
Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliya Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqların mahnı rəqsləri, xor əsərləri təşkil edir.
2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı alətləri fəaliyyət göstərir.

“Dan Ulduzu” kamera-İnstrumental ansamblı
“Dan Ulduzu” kamera-İnstrumental ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılıb.

Azərbaycan Dövlət Simli Kvarteti

Azərbaycan Dövlət Simli Kvarteti (ADSK) 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərləri ilə zəngindir.
Simli Kvartetin iştirakçıları: Uran Seyidov (I skripka) – Azərbaycan Respublikasının Əməkdar artisti. Q. Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konsertmeysteridir. Soltan Məmmədov (II skripka) – SONOR müasir musiqi ansamblının konsertmeysteridir. Vaxtanq İmanov (viola-) Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Rasim Abdullayev (violonçel) – Azərbaycan Respublikasının Əməkdar artistidir. 

Azərbaycan Dövlət Fortepiano Triosu
Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb.
Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərlərilə zəngindir.
Fortepiano triosunun iştirakçıları: Töhvə Babayeva – skripka-Bakı Musiqi Akademiyasının dosenti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Musiqiçilərin Respublika müsabiqəsinin laureatı, Azərbaycan Respublikasının Əməkdar artistidir. Səbinə İbrahimova (violonçel) – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Bakı Musiqi Akademiyasının müəllimidir. Nərgiz Əliyarova (fortepiano) – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədidir. Musiqiçilərin II Respublika müsabiqəsinin laureatıdır.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmışdır.
Rəşid Behbudov adına Mahnı Teatrı bədii-estetik quruluşuna görə teatr sənətinin ecazkar nümünəsidir. İllər ərzində teatr özünü musiqi və xoreoqrafiya sənətinin ən gözəl və nümunəvi təbliğatçısı kimi göstərmişdir.
Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, İlhamə Quliyeva, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova kimi populyar sənət ustaları çalışmışdır.
Teatrın repertuarına həm də dünya xalqlarının rəqsləri də daxildir.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb. Yarandığı gündən 1992-ci ilədək orkestrin bədii rəhbəri-Xalq artisti, professor Nazim Rzayev olmuşdur.
1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir.
1998-ci ildən bu günədək orkestri Respublikanın xalq artisti Teymur Göyçayev idarə edir.
Orkestrin repertuarında Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunmuşdur.

Azərbaycan Dövlət Filarmoniyası
Azərbaycan Dövlət Filmoniyasının binası 1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdir. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambllar, orkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-ci il mayın 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı.
1936-37-ci illərdə binada bərpa işləri görülmüşdür.
1937-ci il avqust ayının 11-də isə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi Müslüm Maqomayevin adını əbədiləşdirməkdən ötrü Azərbaycan Dövlət Filmoniyasına bəstəkarın adı verilsin.
Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatları laureatı, professor Rauf Abdullayevin rəhbərliyii ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestridir.
Azərbaycan Dövlət Filarmoniyası Respublikanın aparıcı konsert təşkilatıdır. Filarmoniya klassik musiqinin təbliği və təşviqində müstəsna rol oynayır.



Oxunub: 200032