Baş səhifə    » TARİX    » Kütləvi hərəkatlar    » Milli azadlıq və demokratik hərəkatlar   

Milli azadlıq və demokratik hərəkatlar

  


1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə milli-azadlıq hərəkatı (Məşrutə hərəkatı) başladı. Tezliklə bu hərəkat Cənubi Azərbaycanın hər tərəfinə yayıldı. 
Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdir.
1908-ci ildə şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılmışdır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilmişlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların qələbəsi bütün İrana təsir göstərir. Bir çox şəhərlərdə, o cümlədən Tehranda "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Nəhayət, 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir və Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.


1920-1921 illərdə Güney Azərbaycanda Heydər Xan Əmoğlu hərəkatı başlamışdır. Bir müddət Bakıda elektrik mühəndisi işləmiş Əmoğlu 1904-cü ildə Tehrana gəlmiş və Müzəfərəddin şahın parlamentin təşkili ilə bağlı fərmanından sonra yaradılan silahlı hissələrin təşkilində fəal iştirak etmişdir. Tehran İnqilab Komitəsi Məmmədəli şaha və ona havadarlıq edən ingilis-rus imperialistlərinə qarşı durmaq məqsədilə Mücazat Komitəsi yaratdı və komitənini rəhbərliyinə Heydər Əmoğlunu gətirdi. 
Səttar xan hərəkatı zamanı səngərlərdə vuruşan Heydər Xan Əmoğlu 1909-cu ildə Səttar xan və Bağır xanla birlikdə Tehrana getmişdir. Onların başına gələn hadisələrdən sonra Əmoğlu fəaliyyətə başlamışdır. Altı dil bilən Heydər Xan əvəzsiz partizan döyüşləri ustası kimi şöhrət qazanmış, düşmənə ağır zərbələr vurmuşdu. 
İngilislərin dayağı ilə hərbi məktəb görmədən rütbələr qazanmış Rza Xan nazir olan kimi əli altındakı rus kazaklarını Gilana, Əmoğlunun üstünə yollamışdır. Sonra casuslarını işə salıb Heydər xanın tərəfdarlarını onun əleyhinə çevirə bilmişdir. Gilanda antiimperialist partizan hərəkatının təşkilatçısı və rəhbəri olan, Heydər xanla silahdaşlıq edən Mirzə Kiçik Xanı ələ alınıb onun vasitəsilə Əmoğluna tələ qurdurmuşdur.
Rəşt yaxınlığındakı Pəsixan qəsəbəsində ağır yaralanan Əmoğlu Mirzə Kiçik Xanın adamları tərəfindən tutuldu. Bir müddət onların əlində dustaq qaldıqdan sonra Müəyyənül Rəaya adlı bir xain tərəfindən işgəncə ilə həlak edildi.


Rusiyada mütləqiyyətin devrilməsi İranda və Cənubi Azərbaycanda xalq hərəkatının yenidən başlanmasına təkan verdi. Cənub Azərbaycanda hərəkata Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi Əyalət Komitəsi istiqamət verirdi. 
1917-ci il avqust ayında İDP-nin Azərbaycan Əyalət Komitəsinin konfransı keçirildi. Konfransda Ş.M.Xiyabaninin rəhbərliyi ilə ADF yaradıldı. ADF-nin Mərkəzi Komitəsi xariciləri ölkədən qovmaq və demokratik İran hüdudlarında Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı.
1917-ci ildə xalq hərəkatının genişlənməsi nəticəsində baş nazir Vüsuqüddövlə istefa verdi. Lakin o, ingilislərin köməyi ilə yenidən hakimiyyətə gəldi. 1919-cu il 9 avqustda İran və İngiltərə arasında müqavilə bağlandı. Bu müqavilə İranı siyasi və iqtisadi cəhətdən İngiltərədən asılı hala salmaqla yanaşı, Cənubi Azərbaycanda demokratik hərəkata yeni təkan verdi. 1920-ci il 7 apreldə Təbrizdə üsyan başladı. Üsyana Xiyabani başda olmaqla İctimai İdarə Heyəti rəhbərlik edirdi. 1920-ci il iyunun 24-də Təbrizdə Milli hökumət yaradıldı. 
İranda və Cənubi Azərbaycanda baş verən hadisələrdən narahat olan ingilislər irticaçılar və daxildəki xəyanətkar qüvvələrlə birləşdi. İngilislərin köməyi ilə hərəkat sentyabrın 14-də yatırıldı. M.Xiyabanı öldürüldü. Yüzlərlə üsyançı həbs, edam və sürgün edildi.

Məhəmməd Təqi Xan Püsyan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Azadıstan Hərəkatında şöhrət qazanmışdır. O, Almaniyada hərbi bilik qazanmış, 1920-ci ildə Tehrana qayıtmışdı. 
Rza Şah Məhəmməd Təqi Xanı Şeyx Məhəmməd Xiyabaninin Azadıstan Dövlətini süqut etdirmək üçün Azərbaycana yollamaq istəsə də, o bunu qəbul etməmiş və Xorasan vilayətinin hərbi komandirliyinə təyin edilmişdir. 
Məhəmməd Təqi Xan tezliklə Xorasandakı özbaşınalığa son qoymuşdur. Bu işlər xalq tərəfindən alqışlansa da, o vaxtlar Xorasan valisi olan Vüsuquddövlənin qardaşı olan Əhməd Qəvəmüssəltənə ilə ingilis konsulunu narahat edirdi. 
1920-ci ildə Məhəmməd Təqi Xan Xorasanda üsyan bayrağını qaldırdı və 1921-ci il aprel ayında müstəqillik elan etdi. Əmri altındakı jandarm hissələrinin sayını artırıb milli orduya çevirdi və milli ordu “Fədai” adlandırıldı. 
Məhəmməd Təqi Xan kəndlilərin dövlətə olan borclarını bağışladı, böyük torpaqları bölərək olmayanlara payladı. 
Məhəmməd Təqi Xan Püsyanın həyata keçirdiyi islahatlar xüsusilə ingilisləri maddi mənafeləri cəhətdən lərzəyə gətirmişdi. Buna görə də ingilislər mürtəce din adamlarına pul verib Məhəmməd Təqi haqqında uydurma yalanlar yaydılar. Sonra da 4000 nəfərlik bir ordunu ağır silahlarla təchiz edərək Xazai adlı bir mürtəcenin rəhbərliyi ilə Xorasana yolladılar. 
Məhəmməd Təqi Xan Püsyan birləşmiş ordu ilə rəşadətlə döyüşsə də, Səttar xan, Bağır xan, M. Xiyabani, Heydər xan Əmoğlu kimi xəyanətlə üzləşdi və ürək ağrıdan şəkildə qətlə yetirildi. 

XIX əsrin ikinci yarısında maarifçilik hərəkatı geniş yayılmışdı. Bu dövrdə Şimali Azərbaycanda milli burjuaziya zəif olduğundan vahid, istiqamətverici təşkilat yox idi. Maarifçilik hərəkatının nümayəndələri xalqın xoş gələcəyini maarifə, elmə çağırmaqda, cəhalətdən qurtarmaqda görürdülər. Bu istiqamətdə M.F.Axundov, H.B.Zərdabi, N.Nərmanov, Ə.b.Ağayev, Ə.b. Hüseynzadə və başqaları çox işlər görmüşlər. 



1988-1989-cu illərdə Şimali Azərbaycanda milli azadlıq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Dekabrın 4-də hakimiyyət orqanları mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.
1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cu il sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə sovet respublikaları arasında birincilərdən idi. Bu hərəkatı yatırmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana yeridildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. Bu uğursuzluqlara baxmayaraq Azərbaycan xalqının vətənpərvər qüvvələrinin müstəqillik uğrunda dönməz mübarizəsi 1991-ci il avqustun 31-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamənin qəbul olması ilə nəticələndi.
1989-cu il dekabrın 8-də Cəlilabadda fasiləsiz mitinqlər, tətillər başladı. Bakıdan gətirilmiş milis dəstələri həbslərə başladı. Qəzəblənmiş xalq rayon partiya komitəsinin, daxili işlər şöbəsinin binasını dağıtdılar. Dekabrın 29-da “xalq hökuməti” adlanan qurum fəaliyyətə başladı. Toqquşmalarda 15-dən çox adam yaralandı. 
Başqa rayonlarda hadisələr əsasən dinc yolla inkişaf etmişdir. 1989-cu ilin noyabr-dekabr aylarında Sabirabad və Ağcabədi rayonlarında xalq hərəkatı yerli rəhbərlərin istefası ilə nəticələndi. Naxçıvan MSSR-də də belə oldu.
1989-cu il dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhədə toplaşanlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhədində həyəcanlar oldu. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü.



Oxunub: 491532