Baş səhifə    » COĞRAFİYA    » Nəqliyyat coğrafiyası    » Avtomobil nəqliyyatı   

Avtomobil nəqliyyatı

  


Azərbaycanda avtomobil nəqliyyatının inkişafında baş verən mühüm dəyişiklik beynəlxalq yükdaşımalarda onun rolunun artmasıdır. Avtomobil nəqliyyatı vasitəsilə qonşu ölkələr olan İran və Türkiyə ilə əlaqə saxlanılır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının daşınmasında onun əhəmiyyəti çoxdur.
Respublikada olan magistral avtomobil yolu xətləri dəmir yolu istiqamətlərinə uyğun gəlir. Bakı-Qazax avtomobil yolunun uzunluğu 493 km, Bakı-Quba avtomobil yolunun uzunluğu 185km, Bakı-Astara yolunun uzunluğu 312 km-dir. Onlardan isə müxtəlif yaşayış məntəqələrinə qollar ayrılır. Yevlax-Balakən, Yevlax-Laçın, Bakı-Şamaxı-Kürdəmir, Yevlax-Ağcabədi-Bəhramtəpə avtomobil yolları əhəmiyyətinə görə seçilir.
Artıq respublikanın paytaxtı bütün inzibati rayonların mərkəzləri ilə avtomobil yolu vasitəsilə birləşmişdir. 24,9 min km ümumi uzunluğu olan bu yolların 23,1 min km-i bərk örtüklüdür. Dağlıq rayonlarda avtomobil nəqliyyatı mühüm əlaqə vasitəsi olsa da, onların şəbəkəsi çox seyrəkdir, bərk örtüklü yolların uzunluğu isə azdır.
Şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişin daşınmasında avtomobil nəqliyyatının rolu böyükdür. Artıq şəhərlərdə və rayon mərkəzlərindəki avtoparklarda olan taksi və avtobusla-rın əsas hissəsi özəlləşdirilmişdir.
Bakı şəhərində tikilən yeni avtovağzalın istifadəyə verilməsi ilə (1998-ci ilin dekabrında) sərnişinlərə xidmət yüksəlmişdir. Nəticədə respublika paytaxtının digər şəhərlərlə avtomobil əlaqələri genişlənmişdir.



Oxunub: 81246