Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi   

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

  

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində fəaliyyəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 28 mart 1919-cu ildə yaradılmışdır. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilmişdir. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı olmuşdur.
Xalq Cümhuriyyətinin süqutundan sonra təşkilatın üzvləri repressiyalara məruz qalmış, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya adlanmış, bir müddət Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərmiş, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunmuşdur. 1967-ci ilə qədər respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik etmişlər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunmuşdur.
Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edilib. Qısa müddət ərzində nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti də dəyişmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə daxil olan Dövlət Sərhəd Xidməti ilə əlaqədə Azərbaycan Respublikası dövlət sərhədinin əməliyyat təminatı üzrə tədbirləri həyata keçirir, Daxili İşlər Nazirliyi ilə əlaqədə Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.
Nazirliyin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması - korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi vəzifələr durur.
Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə aparmaq da Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətlərinə aiddir.
28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günüdür.

Ünvan: Bakı şəhəri, AZ1006, Parlament Prospekti, 2
Telefon: (+994 12) 493-76- 22
Faks:
(+994 12) 493-76-22
E-mail: [email protected]




Oxunub: 146483