Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri    » Azərsu ASC   

Azərsu ASC

  

Bakı şəhəri içməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsi ilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su anbarı və Kür çayı.
Lakin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranıb. Su təchizatı sistemindəki çətinlikləri aradan qaldırmaq üçün ilk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan «Kommunsənayesutəchizatı» İstehsalat Birliyi və «AzSuGEO» Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su Cəmiyyəti yaradılmışdır.
Həmin dövrdə Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli sərəncamına müvafiq olaraq «Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında» Abşeron Regional Səhmdar Su Cəmiyyəti «Azərsu» Səhmdar Cəmiyyətinə çevrilib. Bakı şəhər İcra Hakimiyyətinin «Bakıkanalizasiya» İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilib «Azərsukanaltəmir» və «Azərkəndsutəchizat» İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilmişdir.
Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir.

Ünvan: Bakı şəhəri, AZ1012, H.Əliyev prospekti, 67
Telefon: 431-47-67, 431-47-68
Faks: 430-28-87
E-mail: [email protected]
İnternet səhifəsi: www.azersu.az



Oxunub: 112156