Baş səhifə    » İDMAN    » Avarçəkmə   

Avarçəkmə

  


İlk dəfə 1959-cu ilin iyul-avqust aylarında Bakıdakı Dənizkənarı Bulvar ərazisində yerləşən "Neftçi” yaxt-klubunda gənclər avarçəkmə ilə məşğul olmağa başlamışlar. Həmin il respublikanın akademik avarçəkənləri Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) xalqlarının II spartakiadasında çıxış etmişlər. 
Yarışda Azərbaycanı avarçəkmənin 13 növündən 5-ində 12 idmançı təmsil etmişdir. Onların arasında Yevgeni Əmir Şah, Tamerlan Kusov, Gedalio Sadıxoğlu, Vladislav Şvetsov kimi avarçəkənlər də olmuşdur. 1964-cü ildə Mingəçevir şəhərində "Kür” avarçəkmə hazırlığı üzrə Olimpiya Mərkəzinin istifadəyə verilməsi Azərbaycanda avarçəkmənin inkişafına böyük təkan vermişdir. Keçmiş SSRİ-nin akademik avarçəkmə üzrə yığma komandası məhz bu bazada hazırlıq keçmişdir. 
1970-ci ildən etibarən "Mingəçevir reqatası” ümumittifaq statusu almışdır. Amma bu turnirə təkcə keçmiş SSRİ-nin avarçəkənləri qatılmamışlar. Müxtəlif illərdə Bolqarıstan, Çexoslovakiya, hətta Kuba təmsilçiləri də "Mingəçevir reqatası”nda qüvvələrini sınamışlar. 
2006-cı ildə Mingəçevir reqatasında yenidənqurma və bərpa işlərinin aparılmasına qərar verilmişdir və Gənclər və İdman Nazirliyi tərəfindən tikinti işləri aparılmışdır. 2006-cı il dekabrın 9-da Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) təsis olunmuşdur. 
Artıq Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasına (İCF) üzv qəbul olunan AMAF müxtəlif beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında lisenziya xarakterli turnirlərdə təmsil olunmuşdur. Mingəçevir avarçəkmə bazası ilə yanaşı, Bakıdakı Hərbi Dəniz Qüvvələrinə məxsus idman klubunda da yeni qurğu salınmışdır. Boy, dözümlülük, fiziki hazırlıq və digər məsələləri nəzərdə tutan antropometrik model vasitəsilə yeni idmançılar seçilib. 

Avarçəkənlər:
Aleksandr Aleksandrov
Aleksandr Qlotov
Aleksandr Jdanov
Cavid Əfəndiyev
İskra Angelova
İqor Xmara
Kamal Məmmədov 
Maksim Prokopenko 
Sergey Bezuqlıy
Toğrul Qurbanzadə
Teymur Kutseba
Toni Boteva
Valentin Demyanenko
Viktoriya Çepikava 



Oxunub: 463895