Baş səhifə    » İDMAN    » Gimnastika    » Akrobatik gimnastika   

Akrobatik gimnastika

  


Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları «İliada» və «Odisseya»da da öz əksini tapmışdır. «Akrobat» termini yunanca «Akrobates» sözündən əmələ gəlmiş «yuxarı qalxan» mənasını verir. 
1573-cü ildə fiziki tərbiyədə akrobatika hərəkətlərinin icrasını göstərən ilk kitab İ.Merkurialis tərəfindən yazılmışdır. 
XIX əsrdə idmanın inkişafı və akrobatika hərəkətlərinin yeni növlərinin meydana çıxması idman hərəkətlərinin bir hissəsini təşkil etmişdir. 
1973-cü ildə Moskvada 10 ölkənin (Bolqarıstan, İngiltərə, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Polşa, SSRİ, ABŞ, Almaniya Federativ Respublikası və Yuqoslaviya) iştirakı ilə Beynəlxalq İdman Akrobatika Federasiyası (BİAF) yaradılmış, onun Əsasnaməsi və yarış qaydaları təsdiq edilmişdir. BİAF-ın birinci prezidenti Stoil Satirov (Bolqarıstan) seçilmişdir. İlk dünya çempionatı 1974-cü ildə Moskva şəhərində keçirilmişdir.

Azərbaycanda akrobatika
Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920-30-cu illərə təsadüf edir. Bu illərdə Q.Səfərov, Q. Becanov, Y.Yurfeld, D.Dvoryankin, İ.Kiselyov və H. Ağayev Azərbaycan akrobatikasının idman növü kimi inkişafında mühüm rol oynamışalar. 
1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilmiş və bu yarışın proqramına ancaq kişilərin qrup halında hərəkətləri daxil edilmişdir. Bundan sonra Azərbaycan akrobatları ümumittifaq yarışlarında iştirak etməyə başlamışlar. 
1960-1990-cı illərdə akrobatlar ümumittifaq və beynəlxalq yarışlarda mühüm nailiyyətlər əldə etmişlər. Bu illərdə kişilərin qoşa hərəkətlərində Bəhram və Elşad Nərimanov qardaşları, Ə.Baxşiyev və N.Babayev, S.Saakov və Y.Demyanenko, R.Qasımov və Y.Yuçkin, Y.Mamonov və N.Məmmədov, S.Rəcəbov və O.Klimaşkin, A.Mustafayev və S.Cəbrayılov, qarışıq qoşa hərəkətlərdə A.Rəcəbov və T.Yaşinkina, qadınların qrup hərəkətlərində L.Xarçenko, S.Sundikova və E.Quliyeva, kişilərin qrup hərəkətlərində R.Məmmədov, B.Ravinov. Q.Qalimayev və E.Əzimov, M.Ələkbərov, A.Baxşiyev, A.Qafarov və E.Quliyev, D.Cavadov, S.Bağırov Ə. Abbasov və A.Babayev ölkənin idman şərəfini qorumuşlar. 
Azərbaycan İdman Akrobatika Federasiyası 1993-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyasına üzv qəbul edilmiş və həmin ildən başlayaraq idmançılar Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə etmişlər. 
1993-cü ildə Moskva şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edən Azərbaycan akrobatları Elşən Seyfullayev, Elxan Şahbazzadə, Valeriy və Aleksandr Liçkin qardaşları kişilərin qrup hərəkətlərində mütləq çempion adını qazanmışlarr. Digər akrobatlar A.Mustafayev və S.Cəbrayılov kişilərin qoşa hərəkətlərində Avropa və dünya çempionatlarında mükafata layiq yerlər tutmuşlar. 
Ümumiyyətlə, 1993-2003-cü illərdə azərbaycanlı akrobatlar Avropa və dünya çempionatlarında 5 qızıl, 4 gümüş, 4 bürünc medal qazanmışlar. 
Azərbaycanda güclü akrobatika ənənəsinin formalaşmasında Bəhram Nərimanov, Arif Əhədov, Adil Hüseynzadə, Elşad Nərimanov, Azər Kərimov, Arif Qafarov, Ağakərim Səlimov, Yuriy Demyanenko, Əvəz Abbasov kimi görkəmli məşqçilərin böyük əməyi olmuşdur.

Akrobatlar: 
  • Arif Qafarov 
  • Arif Əhədov 
  • Adil Hüseynzadə
  • Ayla Əhmədova 
  • Azər Kərimov
  • Ağakərim Səlimov
  • Bəhram Nərimanov
  • Dilarə Sultanova  
  • Elşad Nərimanov
  • Elçin Məmmədov 
  • Emil Yarəhmədov
  • Əvəz Abbasov
  • Yuriy Demyanenko



Oxunub: 289180