Baş səhifə    » NAXÇIVAN    » Mədəniyyət və tarixi abidələr   

Mədəniyyət və tarixi abidələr

  


Naxçıvanın tarixi abidələri

Naxçıvan zəngin tarixi abidələri ilə (Gəmiqaya, Fərhad evi, Əchabi-Kəhf, Yusif ibn Küseyr türbəsi, Möminə xatun türbəsi, Gülüstan türbəsi, Xanəgah türbəsi, Qazançi körpüsü, Naxçivan cümə məscidi, Qeysəriyyə, Şərq hamamı, Naxçivan buzxanası və s.) ən qədim türk yurdlarından biridir.

Gəmiqaya 
Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə dağ, Zəngəzur silsiləsinin suayırıcında zirvə olan Gəmiqayanın hündürlüyü 3725 metrdir. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan təşkil olunmuşdur. Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə. 3-1-ci minilliklərə aid minə yaxın qayaüstü rəsm - piktoqramlar (qədim yazılar) var.

Fərhad evi
Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Batabat yaylağında Fərhad evi adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e. ə. I minilliyin sonlarına və eramızın əvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılmışdır

Əshabi-kəhf
Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Quranın "Kəhf' ("Mağara") surəsində əksini tapmış əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur.

Yusif ibn Küseyir türbəsi
Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında Atababa türbəsi də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi və orada dəfn olunmuş şəxsin adı (Yusif ibn Küseyir) göstərilmişdir. Abidənin gövdəsindəki frizdə (haşiyə) kufi xətlə Qurandan ayələr yazılmışdır. Kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii memarlıq nümunəsidir.

Möminə xatun türbəsi 
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir (memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani). Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur. "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar". Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.

Gülüstan türbəsi 
Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir.

Xanəgah türbəsi 
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən Xanəgah türbəsi orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq kompleksinin tərkibinə daxildir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə Xanəgah məscidində saxlanılır. Məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı buradadır.

Qazançı körpüsü 
Culfa rayonunun Qazançı kəndində tarixi memarlıq abidəsidir. Tikinti texnikasına görə XV-XVI əsrlərə aid edilir. Biraşırımlı, xalq arasında "Qozbel körpü" adlanan bu abidə nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır.

Naxçivan cümə məscidi 
Orta əsrlərə aid olan bu memarlıq abidəsi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılmış Atabəylər memarlıq kompleksinin monumental tikililərindən idi. XIX əsrə kimi uçulmuş halda mühafizə olunmuşdu. XIII əsrin 20-ci illərində anonim müəllif tərəfindən yazılmış "Əcaib əd-dünya" əsərində adı çəkilir.

Qeysəriyyə 
XVII əsr Azərbaycan memarlıq abidəsi olan Qeysəriyyə Ordubad şəhərindədir. Böyük günbəzdən və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir. Gözəl memarlıq üslubunda inşa edilmişdir. İlk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə tutulmuşdu. Sonralar pəhləvanların güləşdiyi yer kimi xalq arasında Zorxana adı ilə tanınmışdır.

Şərq hamamı
XVII əsrə aid Azərbaycan memarlıq abidəsi Naxçıvan şəhərində, Azadlıq prospektində, "Təbriz" mehmanxanasının qarşısındadır. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir.

Naxçıvan buzxanası
Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir. Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (12-14-cü əsrlər) tikildiyini göstərir.



Oxunub: 487608