Baş səhifə    » TƏLTİFLƏR    » Ordenlər    » “Heydər Əliyev” ordeni   

“Heydər Əliyev” ordeni

  



"Heydər Əliyev" ordeninin təsviri 

Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. "Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir.
Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "HEYDƏR ƏLİYEV" sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir. "Heydər Əliyev" ordeninin boyundan asılarkən sinəyə düşən nişanı ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Ornamentin qırmızı minalı ulduzlar şəklində olan elementlərinə brilyant daşlar bərkidilmişdir. Altlığın üstündə göy mina çəkilmiş dördguşəli ornament yerləşir. Ornamentin dörd ucunun hər birinə brilyant daş bərkidilmişdir. Altlıq və onun üstündəki ornament gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Nişanın mərkəzi hissəsində 750 əyarlı qızıldan hazırlanmış lövhə yerləşir. Lövhənin üzərinə tünd qırmızı mina çəkilmişdir. Lövhənin mərkəzində Heydər Əliyevin 750 əyarlı qızıldan hazırlanmış barelyefı yerləşir. Barelyef çarpazlaşdırılmış iki kvadrat şəklində olan düzgün həndəsi formalı çərçivə ilə haşiyələnmişdir. Kvadratların üstünə yüz on iki brilyant daş bərkidilmişdir. Çərçivə gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir.
Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir.
Ordenin zənciri müəyyən qaydada düzülmüş on beş elementdən ibarətdir. Həmin elementlər aşağıdakılardır:
- zəncirin sağ və sol tərəflərində yerləşən, çarpazlaşdırılmış bayraqlardan ibarət olan, göy, qırmızı və yaşıl rəngli mina çəkilmiş iki bəzək lövhəsi. Lövhələrin mərkəzində Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri vardır;
- zəncirin sağ və sol tərəflərində yerləşən, ağ mina çəkilmiş iki dördguşəli ornament. Onların mərkəzində dairəvi medalyon yerləşdirilib qırmızı minalı ornamentlə haşiyələnmişdir. Medalyonun mərkəzində Heydər Əliyevin inisialları yazılmış venzel vardır. Qılınclı zəncirdə medalyonun altında çarpaz gümüş qılınclar yerləşdirilmişdir;
- zəncirin sağ və sol tərəflərində, habelə yuxarı hissəsində yerləşən göy, qırmızı və yaşıl mina ilə işlənmiş, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan üç lövhə.
Göstərilən elementlər 112 brilyant daşla bəzədilmiş lövhəciklər (hərəsində 7 brilyant daş olmaqla 16 lövhəcik) vasitəsilə geniş zəncirə birləşir.
Ordenin arxa tərəfinin səthi hamardır, üstündə ordenin nömrəsi həkk olunmuşdur. Paltara bərkidilmək üçün müvafiq elementi vardır.
Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunmuşdur.



Oxunub: 632003