Baş səhifə    » OPERA    » Aktyorlar   

Aktyorlar

  

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Əhməd Ağdamski (Bədəlbəyli) (1984-1954)
Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) görkəmli Azərbaycanın opera müğənnisidir. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Ü. Hacıbəyovun xahişi ilə Ə. Bədəlbəyli “Leyli və Məcnun” operasında Leylini oynamağa başlamışdır. Ə. Ağdamski 12 il səhnədə qadın obrazı ("Leyli və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Gülnaz) yaratmışdır.

Bülbül (1897-1961)
Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir) Azərbaycan opera müğənnisidir. Azərbaycan professional vokal məktəbinin banisi hesab edilir.
1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirmişdir. Koroğlu (Ü. Hacıbəyov “Koroğlu”), Əsgər (Ü. Hacıbəyov "Arşın mal alan"), Qərib (R.M. Qlier Şahsənəm") və s. Bülbülün ən yaddaqalan partiyalarıdır.

Hüseynağa Hacıbababəyov (1898-1972)
H. Hacıbababəyov müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarının partiyalarını oxumuşdur.
1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar bunlardır: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko"- Nikolay Rimski-Korsakov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad","Arşın mal alan","Leyli və Məcnun"və"Əsli və Kərəm"- Üzeyir bəy Hacıbəyov), Lenski ("Yevgeni Onegin"- Pyotr Çaykovski), Qraf Almavivo ("Sevilya bərbəri"- Coakkino Rossini) və s.

Vasili Nikolski (1882-1967)
V. Nikolski 1907-ci ildə Moskva Konservatoriyasını bitirmişdir. 1919-cu ildə Bakıya gəlmişdir.
Vasili Nikolski Bakı Teatrında İbrahim xan ("Koroğlu"- Üzeyir bəy Hacıbəyov), Pimen və Boris Qodunov ("Boris Qodunov"- Modest Musorqski), Don Bazilio ("Sevilya bərbəri"- Coakkino Rossini), Lindor ("Hofmanın nağılları"- Jak Offenbax), Knyaz Quda ("Demon",-Anton Rubişteyn) və s. rolların mahir ifaçısı olmuşdur.

Ağababa Bünyadzadə (1915-1974)
A. Bünyadzadə 1938 - 1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil almışdır. O, Ü. Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl), R. Qlierin "Şahsənəm" (Xan), Fromonotal Jak Qalevinin "Kardinal qızı" (Rudjiero), Jorj Bizenin "Karmen" (Eskamilyo), Cüzeppe Verdinin "Aida" (Amonasro), "Otello" (Yaqo), "Traviata" (Jorj Jermon), "Riqoletto" (Marullo) və s. operalarında partiyalar ifa etmişdir.

İdris Ağalarov (1917-1975)
İdris Fərhad oğlu Ağalarov 1943-cü ildə konservatoriyanı, S.K.Qolskayanın sinfini bitirmişdi. Axundov adına Opera və Balet Teatrında çalışmışdır. Şahvələd (Qlier, "Şahsənəm"), Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur. Bariton səsi vardı. 1958-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdü.

Həqiqət Rzayeva (1907-1969)
H. Rzayeva 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınmışdır.. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli ("Leyli və Məcnun" - Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.
Həqiqət Rzayeva bədii filmdə də çəkilmişdir.

Hüseynqulu Sarabski (1879-1945)
H. Sarabski Ü. Hacıbəyovun ”Leyli və Məcnun” əsərində Məcnunun ilk və ən görkəmli ifaçısıdır. O, bu rolda 400 dəfədən artıq çıxış etmişdir. H. Sarabski dramaturgiya ilə də məşğul olmuşdur.

Fatma Muxtarova (1893-1973)
F. Muxtarova Saratov Konservatoriyasını bitirmişdir. Müğənni Rusiyanın müxtəlif səhnələrində əsasən Qərbi Avropa və rus klassik sənətkarlarının əsas sevgili partiyalarının füsünkar ifaçısı kimi şöhrətlənmişdir.
Vokal ifaçı 1938-ci ildə Bakıya dəvət almış, Marfa və Marina, ("Xovanşina", Modest Musorqski), Lyubaşa, Bahar ("Çar gəlini" və "Qar qız", Nikolay Rimski-Korsakov), Amneris, Auzçena, Madalena ("Aida", "Trubadur" və "Riqoletto", Cüzeppe Verdi) və s. rollarını ifa etmişdir. Solistin yaradıcılığının zirvəsi “Karmen” partiyası sayılır.

Şövkət Məmmədova (1897-1981)
Şövkət Məmmədova teatr səhnəsində ilk dəfə Cüzeppe Verdinin “Traviata” operasında Violeninanın partiyasını oxumuşdur.
Rozina ("Sevilya bərbəri", Coakkino Rossini), Lakme ("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız ("Qar qız", Nikolay Rimski-Korsakov), Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Gülçöhrə ("Arşm mal alan" Üzeyir bəy Hacıbəyov) rollarının mahir ifaçısı olmuşdur.
Şövkət Məmmədova opera solisti olmaqla yanaşı,həm görkəmli vokal ustası,həm də məşhur teatr xadimi idi.

Əliövsət Sadıqov (1906-1971)
Ü. Hacıbəyovun klassik operalarında yaradılan lirik qəhrəmanlara Ə. Sadıqovun da yaradıcılığında rast gəlmək mümkündür. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışmışdır.

Gülxar Həsənova (1918-2005)
G. Həsənova Azərbaycan opeara sənətində özünəməxsusluğu ilə seçilən sənətkar olmuşdur. Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyaları onun yaradıcılığının zirvəsi olmuşdur.

Sara Qədimova (1922-2005)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən S. Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, "Qarabağ şikəstəsi" Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.

Faiq Mustafayev (1923-1977)
F. Mustafayev 1952-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
İfa etdiyi əsas partiyalar: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məz-həkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko").

Rauf Atakişiyev (1925-1994)
R. Atakişiyev Moskva Dövlət Konservatoriyasında (MKK) K.K.İqumnovun sinfi üzrə bitirmiş və vokal üzrə A.V.Nejdanovadan dərs almışdır. Sənətkar Lenski ("Evgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərləri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir. Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur.

Əbülfət Əliyev (1926-1990)
Azərbaycan muğam və opera sənətini görkəmli nümayəndələrindən biri olmuşdur. Əsas rolları Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") olmuşdur.

Firudin Mehdiyev (1927)
F.Mehdiyev 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb. Əsas rolları: Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi") və s.

Lütfiyar İmanov (1929-2008)
L. İmanov A.Milovanovun sinfində musiqi təhsili almışdır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında baş rolu - Koroğlu rolunu oynamışdır.
1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala Teatrında təcrübə keçmişdir.
1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri vermişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynamışdır.

Firəngiz Əhmədova (1928)
F. Əhmədova Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi) və s.
Həm Azərbaycan,həm də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını sənətkarlıqla ifa etmişdir.

Rübabə Muradova (1933-1983)
Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" - Ü. Hacıbəyov), Əsli ("Əsli və Kərəm" - Ü. Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" - Z.Hacıbəyli), Sənəm ("Gəlin qayası" - Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.

Mürsəl Bədirov (1931-2003)
M. Bədirovun Jorj Bizenin "Karmen" (Eskamilo və Morales), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" (Sezar Anjelotti), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb)və s. operalarında ifa etdiyi partiyalar uğurlu sənət nailiyyətləridir.

Adil Məlikov (1933)
Adil Məlikov 1965-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Solistin əsas rolları: Koroğlu ("Koroğlu"), Yusif Sərrac ("Aldanmış ulduzlar", Məmməd Quliyev), Xan ("Gəlin qayası"), Rəşid bəy ("Xanəndənin taleyi") və s. Lirik-dramatik tenordur.

Zeynəb Xanlarova (1936)
Z. Xanlarova Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam, təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və Şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır.

Arif Babayev (1938)
A. Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Opera teatrında o, Məcnun (Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında), Kərəm (Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” operasında), Şah İsmayıl (Müslüm Maqomayevin “Şah İsmayıl” operasında), Aşıq Qərib (Üzeyir Hacıbəyovun “Aşıq Qərib” operasında), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operasında) rollarında çıxış etmişdir.

Canəli Əkbərov (1940)
C. Əkbərov 1976-cı ildən Azərbacan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Əsas rolları: Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Camal ("Gəlin qayasi"), Şah İsmayıl ("Şah İsmayıl), Azançı ("Sevil"), Axund ("Aldanmış ulduzlar", Məmməd Quliyev) və s.

Baba Mahmudoğlu (1940-2006)
B. Mirzəyev (Baba Mahmudoğlu) Neft Akademiyasını bitirsə də, 1962-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlamışdır. O, "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaratmışdır.

Şahlar Quliyev (1946)
Ş. Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas solistlərindən biridir. «Leyli və Məcnun» da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Aşıq Qərib»də Şahvələd, «Sevil»də Atakişi, «Aida»da Amonasro, «Riqoletto»da Monterone, «Toska»da Skarpia, «Karmen»da Eskamilio, «Payatsı»da Tonio, «Bohema»da Şonar və s. kimi rollar onun tərəfindən hər zaman yüksək professionallıqla ifa olunmuş və tamaşaçı rəğbəti qazanmışdır.

Fidan Qasımova (1947)
F. Qasımova 1973-cü ildə İsveçrədə (Cenevrə) və 1975-ci ildə Niderlandda (Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, 1977-ci ildə musiqiçilərin C.Viotti adına müsabiqəsinin (Verçelli şəhəri, İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.
Partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Sevil ("Sevil", F.Əmirov) və s. Repertuarına Azərbaycan, rus və Avropa bəstəkarlarının kamera-vokal əsərləri daxildir.

Sabir Əliyev (1948)
S. Əliyev 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrına dəvət edilmiş və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir.

Qəndab Quliyeva (1949)
Qəndab Həbib qızı Quliyeva 1980-ci ildə A.Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir. 1982-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Partiyaları: Leyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M. Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli), Xanəndə qız ("Vaqif", R.Mustafayev), Gülbahar ("Gəlin qayası", Ş.Axundova) və s.
Repertuarında muğamlar, xalq mahnıları və Azərbaycan bəstəkarlarının mahnıları geniş yer tutur. 1992-ci ildən Azərbaycan Respublikasının Xalq artistidir.

Xuraman Qasımova (1951)
X. Qasımova 1977-ci ildə İfaçıların 5-ci Zaqafqaziya Müsabiqəsinin (1977, I-ci mükafat), elə həmin il vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin və 1981-ci ildə Mariya Kallas adına Beynəlxalq Müsabiqəsinin (Afina; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq Müsabiqəsinin (Moskva, 1982) laureatıdır.
Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski) və s.

Nizami Bağırov (1951)
N. Bağırov 1972-ci ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında çalışır.
N.Bağırov iki dəfə vokalçıların Zaqafqaziya müsabiqəsində iştirak etmiş, müsabiqənin diplomçusu və qalibi adına layiq görülmüşdür.

Sahibə Abbasova (1956)
S. Abbasova 1976-cı ildən Akademik Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, M.Maqomayevin «Şah İsmayıl» operasında Ərəbzəngi, Y.Hacıbəyovun «Leyli və Məcnun» operasında Leylinin anası, Ş.Axundovanın «Gəlin qayası» operasında Tutu, Z.Hacıbəyovun «Aşıq Qərib» operasında Qəribin anası rollarını məharətlə ifa etmişdir.

Səkinə İsmayılova (1956)
S. İsmayılova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmişdir.
Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq, bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.

Alim Qasımov (1957)
A.Qasımov 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını almışdır.
A.Qasımov fərqli nominasiyaya layiq görülüb. O, Amerikanın məşhur Corctaun Universiteti və Mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olmuşdur.

Qərinə Kərimova (1964)
Q. Kərimova bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olmuşdur. O, bir çox milli (Nigar – «Koroğlu», Sevil –«Sevil») və klassik (Aida – «Aida», Toska – «Toska», Çio-Çio-San – «Çio-Çio-San», Mikaella – «Karmen») opera tamaşalarında aparıcı partiyaları ifa edir.
2003-cü ildə Rusiya Dövlət Akademik Böyük Teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin «Toska» operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir.

Azər Zeynalov (1964)
A. Zeynalov Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuş, 3-cü kursda olarkən (1994-cü ildə) İtaliyaya gedib “Avgustino Stefanno” adına İtaliya Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuş, bir il orada təhsil alaraq Bakıya dönmüş və təhsilini başa vurmuşdur.
O bir çox mükafatlara layiq görülmüşdür. 1995-ci ildə “Avropa Türk-İslam Kültür Cəmiyyəti” tərəfindən qızıl medalla təltif olunmuşdur.

Mənsum İbrahimov (1960)
M. İbrahimov hal-hazırda tamaşların bir çoxunda aparıcı partiyaları ifa edir. O, Məcnun rolunun (Ü. Hacıbəyov “Leyli və Məcnun”) mahir ifaçısı kimi şöhrət qazanmışdır.

Gülnaz İsmayılova (1960)
G. İsmayılova musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq Müsabiqəsinin diplomatı (1997) olmuşdur.
2001-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Əli Əsgərov (1961)
Ə. Əsgərov bir çox beynəlxalq vokal müsabiqələri və festivallarında iştirak etmişdir.
1997-ci ildə Vokalçılarin Bülbül adına 1-ci Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olmuşdur. 1998-ci ildə F.Şalyapin adına 17-ci Beynəlxalq Opera Festivalında (Kazan), 2000-ci ildə Berlioz Festivalında (Fransa) və s. ugurla çıxış etmişdir.

Əkrəm Poladov (1964)
Ə. Poladov Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır.
Ə. Poladov hazırda Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrınınaparıcı solistlərindən biridir.

Əliəhməd İbrahimov (1965)
Ə. İbrahimov 1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışır.
O, teatrın repertuarında olan istər milli, istərsə də klassik opera tamaşalarında əsasən ikinci dərəcəli partiyaları yüksək professionallıqla ifa edir.

Zenfira İsmayılova (1966)
Z. İsmayilova 1992-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışır. O, bir neçə il Türkiyənin Antalya Opera və Balet teatrında çalışmışdır.

Aygün Bayramova (1967)
А. Bayramova 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solistidir. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə isə Xalq artist fəxri adlarına layiq görulmüşdür.
Prezident mükafatçısıdır. Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecinin müəllimidir.

Gülüstan Əliyeva (1967)
G. Əliyeva 1997-cu ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında 1997-ci ildən çalışır. Gülüstan Əliyeva konsert fəaliyyəti ilə də məşğul olur.
2005-ci ildən Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Həsən Enami (1967)
H. Enami bir sıra beynəlxalq müsabiqələrin iştirakçısı və mükafatçısıdır. 1997-ci ildə vokalçıların respublika üzrə müsabiqəsində birinci yerin sahibi olmuş, elə həmin ilin dekabrında Bülbül adına 1-ci Beynəlxalq Vokal Müsabiqəsində 2-ci yer mükafatçısı və ən yaxşı tenor adına, 1998-ci ildə isə Çaykovski adina Beynəlxalq Müsabiqənin diplomuna layiq görülmüşdür.

Gülyaz Məmmədova (1970)
G. Məmmədova 1992-ci ildən Azərbaycan Dovlət Akademik Opera və Balet Teatrı muğam bölməsinin solistidir.

Nəzakət Teymurova (1972)
N. Teymurova ilk dəfə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli rolu ilə teatrda debüt etmişdir.

Əvəz Abdullayev (1976)
Ə. Abdullayev Abdullayev Respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq Müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer).

Fidan Hacıyeva (1976)
F. Hacıyeva 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
2002-ci ildə İtaliyanın Kidjiana Musiqi Akademiyasında ixtisasartırma kursu keçmiş və xüsusi diploma layiq görülmüşdür.

İnarə Babayeva (1977)
İ.Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İ.Babayeva bir sira müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adina layiq görülmüşdür:

Samir Cəfərov (1976)
S. Cəfərov 2001-ci ildə Almatıda keçirilən Vokalçıların Beynalxalq Müsabiqəsinin laureatı olmuşdur (2 yer). 2002-ci ildə Moskva şəhərində “Qalina Vişnevskayanın Opera Mərkəzi”ndə təhsil almışdır.

Təyyar Bayramov (1976)
T. Bayramov 2006-cı ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solistidir.
2006-cı ildə Ü.Hacibəyli 120 illik yubileyi münasibətilə keçirilən Respublika Muğam Müsabiqəsinin qalibi və 2009-cu ildə Bakida keçirilən Beynəxalq Muğam Müsabiqəsinin “Qran-Pri” mükafatçısı olmuşdur.

Səbuhi İbayev (1976)
Səbuhi Tahir oğlu İbayev A.Zeynallı adına Bakı Musiqi Texnikumunu və Azərbaycan Milli Konservatoriyasını bitirmişdir. S.İbayev səhnə fəaliyyətinə Muğam Teatrında başlamışdır.
2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışır. Səbuhi İbayev həm də geniş konsert proqramları ilə çıxış edir, xalq mahnıları və muğamları ifa edir.

Natəvan Növrəsli (1977)
N. Növrəsli 2002-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. 2006-cı ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solistidir.



Oxunub: 596437