Baş səhifə   » BÖLGƏLƏR    » Bölgələr haqqında   

Bölgələr haqqında

  


Bakı-Abşeron bölgəsi
Bu bölgə əsasən Abşeron iqtisadi rayonundan ibarətdir. Bu iqtisadi rayon Abşeron, Xızı inzibati rayonlarını, Bakı və Sumqayıt şəhərlərini əhatə etməklə çox əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 5,9 min. kv.km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. İqtisadi rayonun relyefi təpələrdən, dağətəyi düzənliklərdən və alçaq dağlardan ibarətdir. Rayon üçün quru subtropik iqlim xarakterikdir.
Abşeron yarımadasında zəngin bioloji sərvətlər mövcuddur. Palçıq vulkanları, mineral bulaqlar və şorsulu göllərin müalicəvi əhəmiyyəti böyükdür.
Abşeron iqtisadi rayonu inkişaf etmiş infrastruktura malikdir. Azərbaycanın ən mühüm dəmir, avtomobil, su və hava xətləri bu rayonun ərazisindən keçir. Ərazinin Xəzər dənizi sahilində yerləşməsi onun nəqliyyat əlaqələrinin genişlənməsi imkanlarını artırır. İqtisadi rayonda nəqliyyat vasitələrinin əksər növləri fəaliyyət göstərir.
İqtisadi rayon, eyni zamanda, sosial obyektlərin geniş şəbəkəsinə malikdir. Burada elmi-tədqiqat institutları, ali məktəblər, böyük idman mərkəzləri, ölkə əhəmiyyətli səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.
İqtisadi rayonun iqlim-bioloji şəraiti Xəzər dənizinin sahilləri boyu çimərlik zonalarının salınmasına imkan verir.

Aran bölgəsi
Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir.
Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv. km olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Region üçün əsasən,quru subtropik iqlim xarakterikdir.
İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. İqtisadi rayonun ümumi əhalisinin sayı 1667,1 min olmaqla ölkə əhalisinin 20,5 %-ni təşkil edir.
Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şosse yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Yevlax-Bakı hava yolu fəaliyyət göstərir.

Qərb bölgəsi
Qərb bölgəsi Gəncə-Qazax iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağstafa, Daşkəsan, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Onun ərazisinin ümumi sahəsi 12,5 min kv.km olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.
İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 1103,3 min nəfər olmaqla ölkə əhalisinin 13,6 %- ni təşkil edir.
Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Azərbaycanın ikinci sənaye rayonu ölkənin sənaye məhsulunun 12-13 %-ni verir. İqtisadi rayonun sənayesi hasiledici və emaledici sahələrdən ibarətdir. Gəncədə və Daşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri yerləşir. Ağır sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur. Maşınqayırma sənaye sahəsi üzrə iqtisadi rayonda cihazqayırma, rabitə avadanlığı istehsalı, avtomobillərin və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri Gəncə-Qazax iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə, Qazax və Ağstafa - əsas nəqliyyat qovşaqlarıdır. Gəncə şəhərində respublika əhəmiyyətli hava limanı yerləşir. Xəzər dənizindən hasil edilən neftin və qazın dünya bazarına çıxarılması üçün çəkilən boru kəməri iqtisadi rayonun ərazisindən keçir. Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı, müalicəvi təsirli mineral suları beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m yüksəklikdə Göy-Göl və Hacıkənd istirahət guşələri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi ümümdünya əhəmiyyətlidir.
Azərbaycanın şımal-qərb bölgəsinin sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni tələbatlarının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının Elm Mərkəzi, elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir.
Gəncədə (Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Texnologiya Universiteti,Gəncə Dövlət Universiteti (GDU)) ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlanır. Rayonda kütləvi kitabxanalar, muzeylər, teatrlar, xəstəxanalar və digər sosial - mədəni infrastruktur obyektləri mövcuddur.

Cənub bölgəsi
Cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayon şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7%- ni əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcüd 13 iqlim qurşagından 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütubətli subtropik iqlimə malikdir.
İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 753,7 min nəfər olmaqla ölkə əhalisinin 9,3 %-ni təşkil edir.
Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf etmişdir. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır.
Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fəaliyyət göstərir.
Gözəl təbii landşaftı, isti və soyuq mineral suları, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır. Hazırda rayonda Lənkəran turist bazası, Meşəsu müalicəxanası fəaliyyət göstərir. Rayonun ərazisində ali məktəb (Lənkəran Dövlət Universiteti), orta ixtisas məktəbləri şəbəkəsi, xəstəxanalar, dram teatrı, diyarşünaslıq muzeyi və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

Şimal bölgəsi
Şimal bölgəsi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir.
Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv.km olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir.
İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır.
Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90%-i, sinkin 99%-i bu iqtisadi rayonun payına düşür.
Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti, onu Azərbaycanın mühüm istirahət-turizm reqionuna çevirmişdir. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir.
İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialları, mədəni-maarif və səhiyyə ocaqları, muzey və teatrlar daxildir.

Quba-Xaçmaz iqtisadi rayonu
Quba-Xaçmaz iqtisadi rayonu Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına- düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir.
Region əhalisinin ümumi sayı 453,1 min nəfər olmaqla ölkə əhalisinin 5,6 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Dəvəçi rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.
Quba - Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat - coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat - iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir. Azərbaycanı Rusiya Federasiyası (RF) ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.

Qarabağ bölgəsi
Qarabağ bölgəsi Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarını əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir. İqtisadi rayonun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam və Füzuli rayonlarının əraziləri isə qismən erməni işğalı altındadır. Bu səbəbdən Dövlət proqramı çərçivəsində bu iqtisadi rayon üzrə Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərinin və Tərtər rayonunun inkişafına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda 1482 kv.km ərazini əhatə edən bu üç rayonun əhalisinin sayı 211,8 min nəfərdir. Yuxarı Qarabağ iqtisadi rayonun əsas təbii sərvətləri polimetall filizləri (Mehmanə yatağında), neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı). Meşələrdə olan xammal ehtiyatları yerli ağac emalı müəssisələrini xammalla təmin etmək üçün kifayət qədərdir.
Yuxarı Qarabağ iqtisadi rayonunda olan mineral bulaqlardan (Turşsu, Şırlan), iqlim - bioloji şəraitdən, meşələrdən istirahət və müalicə üçün istifadə etmək olar. Yuxarı Qarabağ iqtisadi rayonu üzrə işğal olunmuş ərazilər azad edildikdən sonra həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir.

Kəlbəcər-Laçın iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Azərbaycan ərazisinin 7,5 %-i, əhalisinin isə 2 %-dən bir qədər çoxu bu rayonun payına düşür.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil etmişdir. Qoyunqçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələrindən olmuşdur. Zənqilan-Qubadlı inzibatı rayonlarında və çayların subasarlarında əkinçilik üçün əlverişli şərait vardır. Aqroiqlim ehtiyatları buna imkan verir. Sənaye müəssisələri bu xammal növlərinin emalına əsaslanmışdır. İqtisadi rayonda ət-süd məhsulları emal edilirdi, xalça toxunurdu.
İqtisadi rayon ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. İqtisadi rayona daxil olan bütün inzibati rayonlar erməni işğalı altında olduğundan onların inkişafına dair tədbirlər hələlik bu proqramm çərçivəsində nəzərdə tutulmamışdır.
Kəlbəcər-Laçin iqtisadi rayonuna daxil olan inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların sosial - iqtisadi inkişafı ilə bağlı xüsusi proqramm hazırlanaraq həyata keçiriləcəkdir.

Dağlıq Şirvan bölgəsi
Dağlıq Şirvan bölgəsi Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 %-ni təşkil edir.
İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir.
Rayon əhalisinin ümumi sayı 257,4 min nəfər olmaqla ölkə əhalisinin 3,2 %-ni təşkil edir. Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. İqtisadi rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidrokarbonatla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədi ilə istifadə edilir.
Şirvan torpağı tarixən sənətkarlıq və toxuçuluq mərkəzi olmuşdur. Lahıc qəsəbəsi özünün misgərlik məmulatları, Basqal kəndi isə xalq içində öz kələğayısı ilə məşhurdur. Şamaxı şəhərində də ipək kələğayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi sənətkarlıq növüdür.
Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Bakı-Tiflis dəmir yol maqistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şosse yolu rayon ərazisindən keçir.
Rayonun sosial infrastrukturuna orta ixtisas məktəbləri, ali məktəblərin filialları (Dövlət Pedaqoji və "Odlar Yurdu" Universitetlərinin Şamaxı filialları), mədəni-maarif və səhiyyə ocaqları, teatr və muzeylər daxildir. Rayon turizm baxımından böyük potensiala malikdir. Bundan başqa rayonda Pirqulu rəsətxanası fəaliyyət qöstərir.

Naxçıvan bölgəsi
Naxçıvan bölgəsi Naxçıvan iqtisadi rayonunu əhatə edir. Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonu Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə etməklə Azərbaycanın əsas hissələrindən kənarda, Türkiyə, İran və Ermənistan əhatəsində anklav ərazidə yerləşir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan iqtisadi rayonu blokada vəziyyətinə düşərək, hal-hazırda çox əlverişsiz iqtisadi-coğrafi mövqeylə üzləşmişdir. Naxçıvan iqtisadi rayonu Naxçıvan şəhərindən, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli inzibati rayonlarından ibarətdir. İqtisadi rayonun ümumi sahəsi 5,5 min kv.km olmaqla ölkə ərazisinin 6%-ni əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Zəngəzur və Dərələyəz silsilərindən və Araz boyu uzanan mailli düzənliklərindən ibarətdir. İqtisadi rayonun ərazisinin 0,5 faizi meşələrlə örtülmüşdür.
İqtisadi rayonun əhalisinin ümumi sayı 364,5 min nəfər olmaqla ölkə əhalisinin ümumi sayı 4,5 %-ni təşkil edir. Naxçıvan iqtisadi rayonunda zəngin təbii ehtiyatlar: molibden, polimetall filizlər, daşduz, dolomit, mərmər, tikinti materialları (travertin, tikinti daşı, qips) yataqları mövcüddur. Eyni zamanda , iqtisadi rayon Badamlı, Sirab, Vayxir və s. kimi 200-dən çox qiymətli mineral su bulaqlarına malikdir. Azərbaycan Respublikasının molibden və dolomit ehtiyyatlarının hamısı, mineral su ehtiyyatlarının 60 %-i Naxçıvan iqtisadi rayonunun payına düşür.
Hazırda Naxçıvan iqtisadi rayonunun Azərbaycan Respublikasının digər rayonları lə dəmir yol əlaqəsi yoxdur. Yeganə əlaqə vasitəsi hava yolu və İran ərazisi vasitəsi ilə avtomobil yoludur. Naxçivan Muxtar Respublikasının (NMR) enerji təchizatı da İran və Türkiyə vasitəsilə həyata keçirilir.
Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmaqla geniş sosial-mədəni infrastruktura malikdir. Muxtar Respublikanın Milli Elmlər Akademiyasının (NMMEA) elmi idarələri, ümumtəhsil, peşə, musiqi məktəbləri, mədəni-maarif, səhiyyə ocaqları və muzeylərlə yanaşı, çoxlu sayda tarixi abidələri mövcuddur.



Oxunub: 175247



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,