Baş səhifə    » ETNOQRAFİYA    » Bayramlar   

Dini bayramlar

  

Ramazan bayramı
İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır.
Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.
İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür".
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Orucluq bayramı ölkədə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunur.


Qurban bayramı
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Üç səmavi dinin-yəhudilik, xristianlıq və İslamın hər üçündə mütəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayın xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı, İsmayılı nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.
İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkədə də dövlət səviyyəsində bayram edilir.

Mövlud bayramı
Mövlud bayramı Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunmasıdır. Tarixçilərin bəzisi Peyğəmbərin 571-ci il rəbiül-əvvəl ayının 12-də, bəziləri isə 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq Peyğəmbərin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə Türkiyə Diyanət Vəqfi 1989-cu ildən etibarən Peyğəmbərin doğumunu "Kutlu (Mübarək) Doğum həftəsi" altında bir həftə - rəbiül-əvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna Mövlid, yaxud bizim Azərbaycanda olduğu kimi Mövlud bayramı deyirlər.
Mövlid ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir. Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarını Allah Peyğəmbərə görə bağışlar.
Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır. Bu gecə müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir.
Lakin Mövlud gecəsinin fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd peyğəmbərin (s) keçdiyi həyat yoluna bir daha nəzər salsınlar, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürə bilsinlər.
Qurana görə, Peyğəmbər adi insandır (əl-Kəhf, 110), möminlərə şəfqətli və mərhəmətlidir (ət-Tövbə, 128), yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir (əl-Maidə, 19), möminlərə onların özlərindən daha yaxındır (əl-Əhzab, 6). Allah onu insanlar arasında seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur. Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.



Oxunub: 248556