Baş səhifə    » MUSİQİ ALƏTLƏRİ    » Simli alətlər    » Şirvan tənburu   

Şirvan tənburu

  


Şirvan tənburu armudşəkilli olub, saz tipli alətlər ailəsinə mənsubdur. İki, bəzən üç simdən ibarət çox sadə quruluşlu bu musiqi aləti indi də Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş yayılmışdır. Tənburun çox qədim tarixi vardır. Əl-Fərabi onun islam dinindən əvvəl yaranmasını qeyd edir. Orta əsrlərdə saray və folklor musiqisində geniş istifadə olunan tənbur aləti haqqında klassiklərin yaradıcılığında və eləcə də miniatür sənət əsərlərində kifayət qədər məlumat verilmişdir. 
Tənbur orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış və “Şirvan tənburu” adı ilə məşhur olmuşdur. Təbrizlilər tərəfindən çox sevildiyi üçün sonralar “Şirvan-Təbriz tənburu” kimi də adlandırılmışdır. Tənbur ifaçılığı Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən tədricən tənəzzül etmişdir.
Tənbur çoxnövlü alət sayılır. Onun Bağdad, Xorasan, Hind, Şirvan və Əfqan növləri mənbələrdə qeyd edilir. Bəzi növləri kamanla çalınıb və “ney tənbur”u adlanıb.
Şirvan tənburu kiçik çanaqdan və uzun qoldan ibarətdir. Çanağı tut, armud, qolu və kəlləsi qoz, üzü isə tut və yaxud şam ağacından hazırlanır. Qoluna 14-17 pərdə bağlanır. Bundan əlavə, bəzən alətin üz hissəsinə 3-4 pərdə yapışdırılır ki, bunlara da “xas pərdələr” deyilir. Şirvan tənburu iki simdən ibarətdir. Alət barmaqla çalındığına görə simlər bir-birindən 20 mm aralı yerləşdirilir. Şirvan tənburunun köklənmə qaydası da saza bənzəyir. Birinci simdə melodiya ifa olunur, ikinci sim isə, musiqinin xarakterindən asılı olaraq, müxtəlif cür köklənir. Tənbur Azərbaycan simli çalğı alətləri arasında yeganə alətdir ki, sağ əlin baş və orta barmaqları ilə ifa olu¬nur. Bəzən sağ əlin şəhadət barmağına geydirilən üsküyün altına qoyulmuş mizrab ilə də çalınır. Tənburun ümumi uzunluğu 940 mm, çanağının uzunluğu 385 mm, eni 200 mm, hündürlüyü 135 mm, qolunun uzunluğu 340 mm, kəlləsinin uzunluğu isə 120 mm-dir. Şirvan tənburunun diapazonu birinci oktavanın “do” səsindən ikinci oktavanın “mi” səsinə qədərdir.





Oxunub: 146208