Baş səhifə    » BÖLGƏLƏR    » Bölgə özəllikləri   

Bölgə özəllikləri

  

Odlar Yurdu Azərbaycan zəngin və qədim tarixə malikdir. Min illər ərzində Azərbaycanın ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rangarəng mədəni irs yaradılmışdır. Azərbaycanda hər bir bölgənin özünəməxsus xüsusiyyətləri - etik dəyərləri, yaşam tərzi və qaydaları var. Azərbaycanı tanımaq bu bölgələrin tanıtımından başlayır. 

Bakı-Abşeron bölgəsi
Azərbaycanda mövcud olan və bütün dünyada tanınan tarixi abidələrin (Qobustan, Qız qalası, İçərişəhər və s.) bir hissəsi bu bölgədə cəmlənmişdir.
Bölgədə əsasən əncir, üzüm (“Ağ şanı”, “Qara şanı”, “Səkinə xanım”, “Saray sarıgiləsi” ), Corat, Saray və Zirədə qarpız, yemiş, pomidor, Hövsanda soğan, Bilgəhdə zəfəran əkilib becərilir. Bu bölgə ölkənin ən böyük çimərlik və istirahət zonalarına malikdir.
Bakı-Abşeron bölgəsi xalçaçılıq, rəssamlıq, musiqi sənəti, meyxana, xüsusilə muğam biliciləri ilə digər bölgələrdən seçilir.
Bakı və Abşeron mətbəxi rəngarəng və çeşidli xörəklərlə fərqlənir. Onlar arasında qutab (xüsusilə dəvə qutabı), düşbərə, xəngəl, gürzə, xəmiraşı daha məşhurdurlar. Bakılıların şah yeməyi qoyun əti və şabalıdla qurudulmuş alçanın qarışığından aş, bişirilmiş toyuqla, qayğanaq və limon suyu qarışığından çığırtmalı aş, və s. müxtəlif növ aş nümunələri sayılır. Həmçinin qoyun əti, toyuq, balıqdan hazırlanmış kabablar da məşhurdurlar.
Bakı mətbəxinin şirniyyatı da çeşidlidir. Bura paxlava, şəkərbura, qoğal, şərbətlər, səməni halvası və s. aiddir. Adətən bu nemətlərin hazırlanması yazın gəlməsi ilə qeyd olunan Novruz bayramı ilə üst-üstə düşür. Bölgədə Maştağa qəsəbəsi zəfəranlı çayı ilə məşhurdur.
Nişan mərasimlərində xonçalar aparılır. Böyük nişan mərasimində qızgilə aparılan xonçalar arasında içində saçaqlı baş yaylığı şal və nişan üzüyü yerləşdirilmiş nişan xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma dayısının apardığı bu xonçaya, şal və üzüklə yanaşı noğul-nabat da düzülür. Bu xonça indiki Abşeron toyları üçün daha səciyyəvidir.
Bakıda adətən kişilər və qadınlar ayrı-ayrı toy edirlər. Qadın toylarında bir dənə də olsun kişi iştirak etmir.

Gəncəbasar bölgəsi
Bu bölgə Azərbaycanın şimal-qərb bölgəsini əhatə edir.
Bölgədə ən çox çaytikanı, iydə, söyüd, sumağ, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və s. yayılmışdır. Gəncə çinarları və tərxun bitkisi ilə tanınır. Bölgədəki "Göygöl"  Dövlət qoruğu Azərbaycanda ilk qoruqdur.
Bu bölgədə aşıq sənəti geniş vüsət almışdır. Eyni zamanda Gəncəbasar şairləri ilə də məşhurdur. Qazax həm də xalçaçılıq mərkəzlərindən biridir. Rayonun bir çox sakinləri hələ də bu ənənəvi xalq sənətini davam etdirirlər.
Gəncə mətbəxindən danışdıqda firni, paxlava, zilviyə, nazik kimi şirniyyat növlərindən, eyni zamanda Gəncə dovğasından söhbət açmaq olar.
Gəncə paxlavası respublikanın müxtəlif şəhər və rayonlarında adətən Novruz bayramı ərəfəsində, nişan və toy məclislərdə hazırlanır. Gəncə paxlavası digər bölgələrdə bişirilən paxlavalardan öz ölçüsünə və ona əlavə edilən ədviyyatına görə fərqlənir. Gəncə paxlavası adətən mis məcməyidə, köz üzərində bişirilir və bir qədər böyük ölçüdə romb şəkilində kəsilir.
Novruz bayramında gəncəlilər mütləq evdən hansısa əşyanı bayıra atırlar.
Gəncəbasar toyları adətən zurna və sazla müşayiət olunur. El sənətkarları dastanlar oxuyur, şeirlər söyləyirlər.

Qarabağ bölgəsi
Qarabağda Azərbaycan xalqının qədim arxitekturasını və mədəniyyətini təmsil edən çoxsaylı abidələr cəmləşmişdir. Bu bölgənin sakinləri tərəfindən həyat fəaliyyətinin müxtəlif sahələrində toplanmış zəngin ənənələr Qarabağı onun hüdudlarından çox-çox uzaqlarda da məşhurlaşdırmışdır.
Maldarlıqda əsas yeri atçılıq və qoyunçuluq tutur. Burada xalq seleksiyası yolu ilə Qarabağ atı və Qarabağ qoyun cinsi yetişdirilmişdir. Bu atlar ta qədimdən bütün Avropada ad qazanmışdır.
Azərbaycanlıların musiqi mədəniyyətinin inkişafında Qarabağ xanəndələri müstəsna rol oynamışlar. Keçmişdə Qarabağ xalq ifaçıları bütün Şərqdə məşhur idi. Azərbaycan ədəbi dilinin inkişafına Qarabağ dialektinin təsiri olmuşdur.
Qarabağ “Qırmızı kitab”a düşmüş nadir bitkilər vətənidir: Hirkan şümşadı - pirkal, Qafqaz xədicəgülü, komarov birəotusu, gözəl təkəsaqqal, məxməri gərməşov, adi şabalıd, Qarabağ dağlaləsi, sağsağan gülxətmisi və s. Dünyanın nadır bitkilərindən sayılan xarıbülbül yalnız Qarabağda – Şuşada bitir.
Keçmişdə bölgədə “qaradam” (“ev damı”, “torpaq dam”), “bağdadi” və “tağbənd” ev tipləri geniş yayılmışdır. Bölgə yeməkləri, o cümlədən şirniyyatı Azərbaycan mətbəxinin zənginləşməsinə böyük təsir etmişdir (Qarabağ kətəsi, Bərdə nanı və s.). Qarabağ xalçaçılıq məktəbi də bütün dünyada məşhurdur. Burada müxtəlif çeşnili xalçalar – “Ləmbərani”, “Çələbi”, “Açma-yumma”, “Balıq”, “Buynuz”, “Qarabağ”, “Bərdə”, “Ləçəktürünc” xüsusilə fərqlənir.
Qarabağ Azərbaycan xalq musiqisinin, xüsusilə muğamatın və poeziyasının beşiyidir. Buradan xeyli məşhur musiqiçi, şair, yazıçı, adlı-sanlı xanəndələr çıxmışdır.
Qarabağ mətbəxində kətənin xüsusi yeri var. Qarabağ mətbəxində qoyun və mal ətindən qovurma, qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız – bız, şorbalar və müxtəlif plovlar bişirilir. Qızardılmış və qaynadılmış çay balığından da istifadə olunur. Qarabağ mətbəxində qurudulmuş meyvələr geniş istifadə olunur. Onlardan xoşab, plov, şorba, ət xörəklərinin hazırlanmasında istifadə olunur və çərəz kimi süfrəyə verilir. Qarabağ mətbəxində cad, ət qutabı, fəsəli, kətə, şəkərbura, paxlava, quymaq, halva, qurabiyə, şorqoğalı, dovğa, kababın müxtəlif növləri və s. yeməklər bişirilir.
Qarabağ toylarını fərqləndirən başlıca əlamətlərdən biri burada (Bakı və Şirvanda olduğu kimi) muğama geniş yer verilməsidir. Toy əhli oynamaq, şənlənməkdən çox muğama qulaq asmağı sevirlər.
Qarabağ toylarında gəlin toy mağarına gətirilmir. Ümumiyyətlə, məclis yalnız kişilər üçün qurulur, qadınlar toy mağarına gecə, yemək mərasimi bitdikdən sonra gəlirlər.
Gəlin evindən əşya oğurlamaq da Qarabağ bölgəsində yayılmış adətlərdəndir. Toy alayı oğlan evinə tərəf yönələn kimi, qız evindən "oğurlanmış" əşyalar ətrafdakılara göstərilir. Bu özünəməxsus adətin başqa adları "şeyoğurluğu", "xəspuşluq", "xəkrizdəmə" (Ağdam, Füzuli, Şuşa, Tərtər), "çıpıtma" (Laçın, Cəbrayıl), "xırsızlıq", "sirqət"dir. Bəzi yerlərdə isə qızın anası çörək əvəzinə gəlinə bir çimdik ocaq külü verir.

Naxçıvan bölgəsi
Naxçıvan bölgəsində ən geniş yayılmış növlər badam, şərq palıdı, fıstıq, qoz, söyüd, ağcaqayın, yabanı armud və çoxsaylı dərman bitkiləridir. Xüsusilə Ordubad əriyi və limonu ilə məşhurdur.
Burada qızmar yay və ilıq payız fəsli Bayan-Şiraz, Təbrizi və Şirazi kimi yüksək keyfiyyətli üzüm növləri yetişdirməyə imkan verir. Bağçılıq da yaxşı inkişaf etmişdir. Burada heyva, alça, armud, şaftalı, ərik və badam yetişdirilir.
Naxçıvanın heyvanlar aləmi də zangindir. Burada ən geniş yayılmış qoyun cinsi balbas adlanır. Balbas cinsli qoyunlar məhsuldarlığı və ağ, yumşaq yunu ilə seçilir. Bu qoyunların yunundan xüsusilə xalçaçılıqda geniş istifadə edilir.
Muxtar Respublikada (MR) faydalı qazıntı yataqları çoxdur. Burada məşhur Badamlı, Sirab, Vayxir, Naqacir və Qızılgcir mineral su bulaqları vardır. Naxçıvan öz duzu ilə də məşhurdur. Bu duzdan yalnız mətbəxdə deyil, həm də müalicə məqsədi ilə də istifadə olunur.
Mineral su bulaqlarının yaxınlığında çoxsaylı kiçik göllər var. Bu göllərdən ən məşhuru – mənzərəli alp çəmənlikləri arasında dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən gözəl Batabat gölüdür.
Ən qədim dövrlərdən başlayaraq Naxçıvanda dekorativ-tətbiqi sənət növləri geniş yayılmışdır. Onların ən məşhur növləri ipəkçilik, xalçaçılıq, güləbətin işləmə, naxışlı toxuma, bədiimetal işləməsi və ağac üzərində oyma sənətləridir.
Naxçıvanın zəngin və çeşidli mətbəxi, yüksək səviyyəli qonaqpərvərlik ənənələri vardır.
Azərbaycanda, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin çeşidli növləri var: təndir lavaşı, qalın, dəstana, kömbə və s.
Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. yeməklərə geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun «qarası» növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır.
Naxçıvan mətbəxi xəmir xörəkləri ilə - əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaqla- məşhurdur.
Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var.
Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir. Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və s. geniş yayılıb.
Ordubad bölgəsi bir sıra özəllikləri ilə də seçilir. Məsələn, qoz, gül, badımcan mürəbbələri, maş şorbası, alana – basdıq kimi xörəkləri, lavaşı və quru (qaxac) meyvələri ilə tanınır.
Maş şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir. Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə, qışda isə qovurma ilə bişirilir. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə oz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur.
Naxçıvanda toy adətləri bəzi xüsusiyyətlərinə görə fərqlənir. Naxçıvan diyarında çaldırılan toy-nişan məclislərində qız evində cavan qız-gəlinlər "haxışta" adlı halay sayağı rəqs ifa edirlər.
8-12 iştirakçıdan ibarət olan iki dəstə cərgə ilə qabaq-qabağa dayanıb əl-ələ tuturlar. Sonra ifaçılardan biri sonu "haxışda" kəlməsilə bitən bir bayatı oxuyur, o birilər bu sözü təkrar edərək əl çala-çala, oynaya-oynaya qarşı cərgəyə, oradan da əks cərgəyə keçirlər. Oxuya bilməyən sıradan çıxmalı və bir ayaq üstə atılıb-düşərək rəqs etməlidir.

Şirvan bölgəsi
Azərbaycanın tarixi bölgəsi olan Şirvan Bakıdan şimal-qəbdə, Böyük Qafqaz dağlarının cənub-şərq yamaclarında yerləşir. XVI əsrə qədər bu ərazidə Azərbaycanın ən qədim və qüdrətli dövlətlərindən biri – paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Şirvan diyarı çox vaxt Gülüstan, yəni güllük, laləzar, çəmənlik adlanırdı.
Ərazinin 8 %-ə qədəri meşələrlə örtülüdür. Burada nadir meşə fauna və florasını qorumaq üçün Pirqulu və İsmayıllı dövlət qoruqları yaradılmışdır.
Göyçay narın vətəni hesab olunur. Bundan başqa, Azərbaycanda becərilən bir sıra üzüm sortları məhz bu rayonda becərilir. İsmayıllı rayonunda isə ədviyyat bitkilər yetişdirilir.
Sərin və bol sulu bulaqları, zəngin təbii gözəlliyi, müxtəlif növ tərkibli bitki örtüyü və heyvanat aləmi olan Ulu düzü, Bülövdaş, Şərədil, Dədəgünəş, Qonaqkənd meşələri xüsusilə seçilir.
Bölgə müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Şamaxı rayonunun Çuxuryurd kəndində “Çuxuryurd” suyu , İsmayıllı rayonunun Namazgah kəndində “Namazgah” suyu olduqca şəffaf, iysiz və rəngsizdir. Bu sular qiymətli korbonat tipinə aiddir. İsmayıllı rayonundakı “Bədo” suyu xlorlu hidrokorbinat-natrium tipinə aid edilməklə çox müalicəvidir.
Şirvan xalçaçılıq məktəbi gözəl xalçaları ilə məşhurdur. Bu məktəbə Şamaxı, Mərəzə, Ağsu rayonlarında toxunan xalçalar aiddir. İsmayıllıda tətbiqi sənət növləri geniş yayılıb. Rayonun Lahıc kəndində qalayçılıq və misgərliyin vətəni hesab edilir. Ümumiyyətlə bu bölgə XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olmuşdur. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə çox məşhurdur.
Xəmirdən hazırlanan “Şamaxı mütəkkəsi” məşhur xörəklərdəndir. İsmayıllı isə daha çox pendiri və balı ilə məşhurdur.

Quba-Xaçmaz bölgəsi
Adətən, «Quba-Xaçmaz zonası» adlanan bölgə Azərbaycanın şimal-şərqində Bakıdan bir qədər şimalda, tarixən Quba xanlığının yerləşdiyi ərazidir.
Bu regionun məşhurluğunun artması bir də onunla izah edilir ki, burada bütün yay boyu və payızın əvvəllərində müxtəlif tərəvəz, göyərti olur. Burada çoxlu müxtəlif növ dərman bitkiləri yetişir. Dağ meşələrində və çəmənliklərdə pişikquyruğu, cır moruq, yemişan, ardıc, xınaçiçəyi, quş üzümü, yağı otu, bağayarpağı, gülxətmi, gəndəlaş, dəlibəng və bir sıra başqa qiymətli bitki növləri yetişir. Bölgə daha çox xalq seleksiyası yolu ilə onlarla meyvə növü yetişdirilmişdir. Bunlara “Cibir alması”, “Cırhacı alma”, “Şirvan gözəli”, “Mehdiqulu cır alması”, “Qış qar armudu”, “İspik armudu”, “Nar armudu”, “Abasbəyi”, “Yay qar armudu”, “Sərçə Əbud armud” və s. nümunə ola bilər.
Qubada xalçaçılıq geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir.
Bölgədə xovsuz (“quru”) və xovlu (“ətli”) xalçalar yayılmışdır. Xovsuz xalçalardan “sumax” Qusarda daha çox toxunur. Keçmişdə bölgədə kəndir istehsalı və dulusçuluq sənəti də inkişaf etmişdi. Digər sənətkarlıq növlərindən ağacişləmə və kömürbasma qeyd olunmalıdır.
Bu bölgədə təzə balıq və başqa qida məhsulları bol olur. Quba tıxması mətbəxin ən məşhur yeməklərindəndir. Məşhur yeməklərdən biri də "həlimaşı"dır. Bu xörək buğdadan bişirilir, içinə ət parçaları qatılır. Süfrəyə verildikdə içərisinə əridilmiş kərə yağı qatıb yeyilir, əsasən qışda bişirilən yeməkdir.
Bu bölgədə müxtəlif etnik xalqlar yaşayır. Bir-brinə qaynayıb-qarışan xalqların adət-ənənələri də oxşardır. Ən geniş yayılmış fərqli adət Quba və Qusar rayonlarının bəzi kəndlərində toy günü gəlinə bal yedizdirilməsidir. Bu, şirinlik əlaməti hesab olunur.

Lənkəran bölgəsi
Bu regionun əlverişli coğrafi mövqeyi qədim vaxtlardan insanları buraya cəlb edirdi. Lənkəran bölgəsi son dərəcə mənzərəli təbiətə, unikal bitki aləminə malik olan subtropik ərazi, nadir quş və heyvan növlərinin yaşadığı bir yer kimi məşhurdur. Uzunömürlülər diyarı sayılan regionun səxavətli və qonaqpərvər insanları, zəngin mədəni və tarixi ənənələri, bənzərsiz mətbəxi, xalq sənəti məmulatları bütün dünyada məşhurdur.
Bölgə respublikada zebunun yetişdirildiyi yeganə yerdir. Keçmişdə bölgədə indi çoxdan aradan çıxmış ənbərbu, akulə, çiləyi, reyhani, ağ çilə, qırmızı çilə, beybu, mazandarani və s. düyü növləri becərilirdi. Bölgədə çəltiklə yanaşı feyxoa, limon, mandarin və yapon xurması kimi subtropik meyvələr yetişdirilir.
Bölgə yeməkləri içərisində düyü və balıqdan hazırlanmış xörəklər xüsusi yer tutur. Geniş çeşiddə plovlar (“daşma-plov”, “süzməplov”, “boranıplov” və s.) və müxtəlif ləvəngilər (balıq ləvəngisiŞ toyuq ləvəngisi) yayılmışdır.
Bölgədə sənətkarlıq sahələri, o cümlədən, dulusçuluq və xüsusilə həsirtoxuma (xüsusi qamış növündən istifadə olunur) geniş inkişaf etmişdir.
Bu bölgədə fərqli toy adətləri var. Toydan əvvəl oğlan və qız evindən iki nəfər qapı-qapı düşüb əhalini toy mərasiminə dəvət edir. Toya çağırılanlar isə həmin qadınlara nəmər verir.
Lənkəranda nişan üzüyünü xonçaya qoyulmuş bir balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nikah , uzunömürlülük arzusu ilə bağlıdır. Xonçanın başqa adı "nişanbaxtı"dır.
Toy günündən bir gün əvvəl isə “Hırdaboy” adlı mərasim keçirilir. Mərasimdə oğlan evinin qıza gətirdiyi bütün əşyalar qonaqlara göstərilir. Gəlin bütün zinət əşyalarını taxır və ona bağışlanan digər qızıllar içərisində su olan qaba yığılır. İnanca görə, hansı subay qız o qabdakı suyu içsə, növbəti toy onun olur.
Masallı və Lənkəranda toydan üç gün sonra “üzəçıxdı” adlanan mərasim keçirilir. Həmin gün gəlinin bacıları və rəfiqəsi üçüncü günün anapayısını və atası evində ayaqqabıdan başqa nə qalıbsa, hamısını yığıb ona gətirirlər. Sonra gəlinlə hal-əhval tutub, onun anasına xəbər aparırlar.
Qız oğlan evinə daxil olan kimi qabda bal gətirilir və qızın əlini bala salırlar. Qız ballı əlini giriş qapısının başına yaxır.
Bu bölgədə cehiz xüsusi formada tutulur.
Lənkəranda analar, qızları 10-11 yaşında olandan onlara cehiz tutmağa başlayırlar. Elə ki qız nişanlandı, cehiz almaq ailədə ən prioritet məsələyə çevrilir. Qız toyundan sonra, oğlan toyundan öncə, müəyyən edilmiş bir gündə bütün qohumlar qız evində təşkil olunmuş qonaqlığa gəlirlər və hərə cehiz üçün bir hədiyyə gətirir. Lənkəranda cehiz vermək bir qədər fərqlidir, ərə gedən qızlara böyük ləyən dəstləri, toy və ya digər mərasimlərdə istifadə etmək üçün iritutumlu qazanlar və teştlər, 5 və ya 6 dəst namaz üçün canamaz verilir. Bundan əlavə, gəlinin gedəcəyi evdə yaşlı insan varsa, onlara xüsusi nimdər (döşəkcə), misdən hazırlanmış aftafa-ləyən də verilir.
Lənkəranda hətta, cehizə mal-qara – inək, qoyun, at, ev quşları - qaz, ördək, toyu-cücə də əlavə edilir.

Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi Azərbaycanın şimal-qərb hissəsində yerləşir. Bu bölgəyə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala rayonları daxildir.
Bir vaxtlar Qafqaz Albaniyasının, daha sonra Şəki xanlığının tərkib hissəsi olmuş bu ərazilərdə xeyli memarlıq abidələri, qədim qala və qüllələr, məscidlər, məqbərələr, karvansaralar var.
Bu bölgənin adamlarında yumor hissi güclü olur. Şəki “lətifələr diyarı” da adlanır.
Şəki-Zaqatala bölgəsinin bitki və heyvanat aləmi zəngin və rəngarəngdir. Bu yerlər çayları, şəlaləri zəngindir. Eni zamanda bölgədə qoz, fındıq, şabalıd, alma, moruq, çiyələk və bir sıra dərman bitkiləri ilə məşhurdur.
Şəki-Zaqatala bölgəsi çox zəngin mətbəxi ilə tanınır. Xüsusilə Şəki ilk növbədə Şəki pitisi, Şəki halvası, Şəki paxlavası və şirniyyatları ilə məşhurdur.
Hər qonağa mövsümə uyğun yeməklər bişirilir. Şəkinin sürfəsi mövsümə uyğun açılır. Şəkililər plovu da (aşı) mövsümə uyğun bişirirlər. Qışda qıymalı, yaz aylarında şüyüdlü, payızda isə daha çox çığırtmalı aş bişirirlər. Çığırtmalı aş toyuqla bişirilir.
Qax, Balakən və Zaqatala rayonlarında bölgə xörəkləri Azərbaycanın başqa bölgələrindən, habelə Şəki rayonundan fərqlənir. Burada əhali əti qışda saxlamaq üçün “dolma” və yaxud “qaxac” hazırlayırdı. “Sülhüllü”, “sıxma” və b. xörəklər həmin rayonlar üçün səciyyəvidir. Qəbələ mətbəxi isə xüsusi hazırlanmış turşuları (şorabaları) ilə seçilir. Süfrələri bəzəyən ağ xiyar, əzgil, alça turşuları məhz bu bölgəyə aiddir.
Bu yerlərdə xalçaçılıq, ağac və metal üzərində oyma, ipəkçilik, zərgərlik, dulusçuluq məmulatlarının hazırlanması kimi ənənəvi xalq peşələri qədimdən inkişaf etmişdir. Şəki ipəyinin, kəlağayısının şöhrəti nəinki Şərqə, hətta Avropaya da yayılmışdır.
Bu bölgənin toy adətləri bəzi xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, Şəki-Zaqatala bölgəsində oğlanın və qızın hər kisinin sağdışı-soldışı olur. Bəyin sağdışı-soldışı mütləq subay olmalıdır. Adət-ənənəyə görə, toydan sonrakı bəygörüşünə qədər oğlanın yalnız bu "toy yoldaşları" gəlinlik otağına çəkilmiş təzəbəylə ünsiyyətdə ola bilər, onunla ətraf bağ-bağçaya çıxıb gəzə bilərlər.Toydan sonra oğlan və qız evləri bu dörd nəfərə xələt verməklə onlara öz razılıq və minnətdarlığını bildirir. Onların digər adları "bəyyanı", "vəzirlər", "yançılar" (Şəki), "saqqallar"dır. Bu deyimin "sağdöş-soldöş" tələffüz tərzi də mövcuddur.
Balakən, Zaqatala rayonlarında bəzi etnik xalqlar yaşadığından adətlərdə də fərqlilik mövcuddur. Məsələn, Balakəndə gəlin toy mağarına aparılmazdan öncə evə gətirilir və qayınana onu ortaya qoyulmuş çırağın başına üç dəfə dolandırır. Sonra bal gətirilir və gəlinlə qaynana bir-birlərinə qaşıqla bal yedizdirirlər. Bu, şirinlik əlaməti sayılır. Daha sonra evdə kimin sözünün keçəcəyini yoxlamaq üçün gəlinlə qayınana çörək dartışdırırlar. Yəni bütöv bir çörəyin bir ucundan gəlin, digər ucundan isə qayınana tutub dartır. Hansı tərəf daha çox çörək dilimi qoparsa, evdə onun sözünün keçəcəyi güman edilir. Adətən gəlinlər hörmət xatirinə daha az dilim kəsirlər.
Digər bölgələrdə gəlin 3 gün otaqdan bayıra çıxmır. Balakəndə isə toy gününün səhərisi “yumru toy” adlı mərasim düzənlənir. Qohum-əqrəba yığılır, gəlin hamıya çay süzür, qonaqlar isə nəlbəkiyə nəmər qoyurlar.


Kəlbəcər-Laçın bölgəsi
Bölgə, xüsusilə Kəlbəcər Alban abidələri ilə zəngindir. Qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd" və s. Kəlbəcər ərazisindəki - "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.
Kəlbəcər-Laçın bölgəsi əsasən dağlıq zona olduğundan zəngin təbiətə malikdir. Bu bölgədə Zəngilan rayonu çinarları ilə məşhurdur. Burada bitən gözəl telegiya, ağacvari fındıq-ayı fındığı, Araz palıdı, Şoranyer qarğasoğanı, Qafqaz qaş səhləbi, Şərq çinarı nəinki Azərbaycanın və Qafqazın nadir bitkilərindəndir. 
Bölgə zəngin təbii ehtiyatları ilə məşhurdur. Kəlbəcərdə qızıl yataqları, mineral sular var. Məşhur Turşsu, İstisu bu rayonun ərazisindədir. Laçın rayonunda da Turş su adlı mineral bulaq var.
Kəlbəcər-Laçın bölgəsində xalçaçılıq, misgərlik, ağac və metal oyma geniş yayılmışdır.

Aran bölgəsi
Bu bölgə qədim, bərəkətli və gözəl Azərbaycan torpağının ən maraqlı bölgələrindəndir.
Azərbaycanda taxıl, pambıq, qarpız (Sabirabad daha məşhurdur), yemiş (xüsusilə Kürdəmirdə), heyva (xüsusilə Ağdaşda), çəltik və digər tərəvəzlər bu bölgədə yetişdirilir. İmişli bölgəsində şəkər çuğunduru də əkilir.
Bu yerlərdə müxtəlif peşələrin: toxuculuq, ipəkçilik, xalçaçılıq, keramik məmulatlar istehsalı, ağac və metal üzərində oyma sənətlərinin hələ qədim dövrlərdə geniş inkişaf etməsini göstərən əlamətlər çoxdur.
Bundan əlavə, Bərdə, Yevlax və Tərtərdə gözəl, əlvan parçalar toxunur, xalçalar, silahlar, əmək alətləri, gözəl keramik qablar, müxtəlif metallardan bəzək əşyaları, qəşəng şüşə badələri, kuzələr, piyalələr və başqa məmulatlar hazırlanır.
Azərbaycanın milli mətbəxinin əksər yeməkləri bu bölgədə də bişirilir. Xüsusən ət və quş əti məhsullarından istifadə olunur. Çayətrafı rayonlarda balıq xörəkləri geniş yayılıb. Xüsusilə balıq şorbası və balıq kotleti bişirilir.
Bu bölgədə Azərbaycana məxsus ümumi toy adətləri var. Lakin bəzi fərqli xüsusiyyətlər də mövcuddur. Məsələn, Ağdaş rayonunda gəlinin cehizini də oğlan evi hazırlayır.



Oxunub: 367767