Baş səhifə    » FƏLSƏFƏ    » XV-XVI əsrlərdə fəlsəfə   

Hürufilik

  

XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan ən böyük sufi təriqətidir. Hüruf sözü ərəb dilində "hərflər" mənasını verir. Bu təriqətin əsas ideyası Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir.
Hərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşcə Azərbaycan türklərindən olan Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır. Uzun müddət bir mağarada inzivaya çəkildikdən sonra Fəzlullah özünün Hz.Mehdi olduğunu iddia etmişdir. Ətrafındakı yeddi inanlmış xəlifəsi və daha sonra çoxsaylı tələbəsi ilə yeni inancın təbliğinə başlamışdır. Qısa müddətdə müxtəlf ictimai təbəqələrdən olan insanlar bu yeni axının ətrafında toplanmağa başlamışdır.
Anadoluda olduqca çox yer dolaşan və uzun müddət qalan İmadəddin Nəsiminin bir çox insanı hürufiliyə cəlb etməsi şəksizdir.
Hürufilikdə Quranın təhlili və yozumu saylar üstündə qurulmuşdur. Bu təriqət şiə təmayüllü olsa da, yaranışından etibarən istər şiə, istərsə də sünni məzhəbinin daşıyıcıları arasında tərəfdar tapmış, xüsusilə təsəvvüf vasitəsi ilə ədəbiyyata və digər təriqətlərə təsir etmişdir.
Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir.
Hürufiliyin Azərbaycanda ilk təşkilatlanması XIV əsrin sonlarında başlamışdı. Onların fəlsəfi dini qaynaqları orta və yaxın şərqin fəlsəfəsindən bəhrələnmişdir. Azərbaycan ərazisinə daxil olaraq Nəimi, Nəsimi, Sururi, Əli-ül Əla kimi nümayəndələr tapan hürufilik ərazi baxımından da sərhədlənməmişdi. Hürufilik təriqəti geniş bir ərazini (İran, Azərbaycan, Suriya, Osmanlı) əhatə edirdi. Hürufilərin əsas nümayəndələri kəndlilər və şəhər ziyalıları idi.
Hürufilər öz ideyalarını yaymaq üçün öz əraziləri ilə kifayətlənmir, islam şərqinin müxtəlif ölkələrinə səyahətlər edir, tələbələrinin sayını artırırdılar.
Hürufiliyin tarixi cəhətdən yaranmasına ehtiyac o idi ki, Şərq dünyası iki yüz il monqolların işğalı altında qalmışdı. Bu zaman meydana çıxan həyəcan və çıxışlar həm ölkədə ağalıq edən feodallara, həm də ortodoksal islam ideyasına qarşı çevrilmişdi.
Hürufilik Yaxın və Orta şərq şəhərlərinə xas ideyadır və xalqın maraqlarını ifadə edirdi.
Hürufilik fəlsəfəsinin əsasını mistik panteizm təşkil edir. Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Hürufilər belə başa düşürdülər ki, insan özü tanrıdır və ya insanlar Allahın vücudundan qopmuş parçalardır. Yalnız kamil insan (Allahın vücudunun bir parçası) yenidən Allaha qovuşacaqdır. Bu o zaman baş verir ki, insan yaradılışın ən yüksək səviyyəsinə çatır. Hürufiliyin ilk elementlərinə fəlsəfənin yarandığı vaxtlarda da təsadüf edilir.
Hürufiliyin qurucusu Fəzlullah Nəimiyə görə, təsəvvüfçülərin də göstərdiyi kimi Allah gizli bir xəzinədir. Hər şeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. Səsin kamilliyi kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edər və özünü səsdə göstərir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. Bu ünsürlər Ərəb və Fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərfdir.
Kainat və insanın əsası səsdir, mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. Fəzlullaha görə kainat səslərlə doludur. Səslərin isə kamil forması sözdür.
Hürufilik Azərbaycanda, ümumiyyətlə Şərqdə özündən sonrakı bütün təriqətlərə təsir göstərmiş ən böyük cərəyanlardan biri olmuşdur.
Həmin dövrdə sufizmin və ümumiyyətlə, perpatetizmin poeziyada təzahürünün ən gözəl nümunələrini M. Füzuli yaratmışdır. Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Qərb filosoflarından Aristotel, Platon, Sokrat, Empedokl, Demokrit, Pifaqor və s., Şərq filosoflarından isə Farabi, Nəzzam, İbn Sina N. Tusi və s. kimi filosofların adını çəkmiş, onların fikirlərindən, irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
Füzulinin fikrincə, mütəkəllimlərin mövqeyini qəbul etmək vacib varlığın isbatına mane olunmur. Belə ki, o, peripatetik fəlsəfədəki vacib və mümkün varlıqları ilk səbəb ilə nəticə kimi deyil, Xaliq ilə məxluqat timsalında götürmüşdür. Peripatetik fəlsəfəyə uyğun on əql nəzəriyyəsindən söhbət açan M.Füzulu on əqldən doqquzunun göyləri, birinin isə insaı idarə etdiyini yazır və beləliklə,insani əqlin dərəcələrini müəyyən etmişdir.



Oxunub: 119765