Baş səhifə   » PULLAR    » Müstəqillik dövrü pulları   

Müstəqillik dövrü pulları

  


Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. 
Azərbaycan Respublikasının milli valyutası olan manat 1992-ci ildə dövriyyəyə buraxılmışdır.
1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklər, dekabrında 5
manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq nominallı pul vahidləri dövriyyəyə buraxılmışdır.
1992-ci ilin avqustundan etibarən manat öz nominal dəyəri ilə respublika ərazisində 1 manat = 10 rubl nisbətində rubla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunmağa başladı.
Yalnız Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 11 dekabr 1993-cü il tarixli 50 saylı Fərmanı ilə 1 yanvar 1994-cü il tarixindən manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit olundu.
Manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olması o zaman Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət komissiyası tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı.
1992-ci ildə çap edilmiş 1, 10 və 250 manat nominallı əskinaslar sadə dizayna malik olmuş, üz tərəfində "Qız qalası", arxa tərəfində isə milli ornamentlərlə haşiyələnmiş və "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur. 1993-cü ildə Milli Bank 1, 5, 50, 100, 500 və 1000 manat nominallı əskinasları çap etdirərək dövriyyəyə buraxmışdır. Bu zaman 1 və 10 manatlıq əskinasların təsvirləri dəyişdirilərək 5, 50 və 100 manatlıq əskinaslarla uyğunlaşdırılmışdır. Belə ki, bu əskinaslarda "Qız qalası"nın təsvirindən əlavə arxa fon təsvirləri əlavə edilmişdir. Bu əskinasların arxa tərəfində isə əlavə olaraq nominalların adı sözlə verilmişdir. 500 manat nominallı pul vahidinin üz tərəfində dahi Azərbaycan şairi Nizami Gəncəvinin, 1000 manatlıq
nominallda olan əskinasların üzərində isə Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin portreti verilmişdir. Hər iki əskinasın arxa tərəfi eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdır.
Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir. Bütün əskinaslarda eyni su nişanı - üç alov təsviri verilmişdir.
1994-cü ildə ilk dəfə 10000 manatlıq əskinaslar çap edilmişdir. Onların üzərində "Şirvanşahlar"
kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir.
1996-cı ildə ən böyük nominala malik 50.000 manatlıq əskinaslar dövriyyəyə buraxılmışdır. Bu
əskinasların üz tərəfində orijinal üslubda Naxçıvan memarlıq abidəsi - "Mömünə Xatun türbəsi", arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə ifadəsi verilmişdir. Əskinasın dizaynında mürəkkəb su nişanı və bir sıra yeni mühafizə elementləri tətbiq edilmişdir. Azərbaycan pullarında ilk dəfə olaraq 50.000 manatlıq əskinasın seriyası və nömrəsi iki rəngdə verilmişdir. Azərbaycanda 1992-2005-ci illərdə nağd pul dövriyyəsinin tarixi xülasəsinə nəzər saldıqda qeyd etmək lazımdır ki, alüminiumdan hazırlanmış 5, 10, 20 və 50 qəpik olan sikkələr qısa müddət ərzində dövriyyədə
olmuşdur. Lakin 1992-ci ildə ölkədə baş verən iqtisadi böhran, manatın məzənnəsinin kəskin aşağı düşməsi nəticəsində bu sikkələr qısa bir zamanda dəyərsizləşdirilərək istifadəsiz qalmışdır
Hazırda dövriyyədə olan Azərbaycan milli valyutası Dövlət atributlarından birinin - milli valyutanın (manat) məzənnəsinin dünyanın aparıcı valyutalarının məzənnələrinə uyğun səviyyədə formalaşdırmaq, milli pul nişanlarının dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, pul nişanlarında milli və tarixi ənənələri daha qabarıq ifadə etmək, ölkədə pul dövriyyəsini yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanına əsasən (07.02.2005), 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçilməsi ilə əlaqədar olaraq, 1 yeni manat 5000 manata bərabər edilmiş, mövcud manat yeni manatla birgə 2006-cı il ərzində dövriyyədə saxlanmış, 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilmiş, yeni manatların 1, 5, 10,
20, 50, 100 ekvivalentində olan əskinasları və 1, 3, 5, 10, 20, 50 qəpiklik sikkələr mərhələlərlə dövriyyəyə buraxılmışdır.
Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə
hazırlanmışdır. Pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilmişdir.
Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir.
Köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunmuşdur.

Əskinaslar
1 manat - Mədəniyyət mövzusuna həsr olunmuşdur. Əskinas 120 x 70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin - Tar, Kamança və Dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.
Mühafizə elementləri: Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi elementlər vardır.

  

5 manat - Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. Əskinas 120 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–
Yenisey əlifbası, müasir yazımız çap edilmişdir.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır. Tarix mövzusuna həsr olunmuşdur

 

10 manat - Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.
Mühafizə elementləri:
Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.
.  
 

20 manat - Qarabağ mövzusuna həsr olunmuşdur.
Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində qüdrət nişanəsi - qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

 

50 manat - Təhsil və gələcək mövzusuna həsr olunmuşdur. Əskinas 148 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur.
Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

 

100 manat - İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur. Əskinas 155 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əskinasın
arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

 



Oxunub: 147604



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,