Baş səhifə    » ETNOQRAFİYA    » Adət-ənənələr    » Toy adətləri   

Toy adətləri

  


Qız bəyənmə və ya qızgörmə
Xalq arasında qızla oğlan bir-birlərini bəyəndikdən sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata – anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların ağzı aranır.

Xəbər göndərmə
Oğlan evi arayıb, axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır.

Kiçik elçilik
Adətə görə, əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşür. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.
“Elçiliyə gecə getməzlər”.
“Elçilərin qarşısına qoyulan çay içilməz”.
Elçilikdə deyirlər “Qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”.
Qız atası elə birinci elçilikdən razılığa gəlmir - “Qız qapısı, şah qapısı”. “Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik”-deyir.
Qızın rəyi soruşulanda susarsa , “susmaq razılıq əlamətidir” deyərlər. Ancaq yenə qəti söz deyilmir. Böyük elçiliyə razılıq verilir. Çünki əsas sözü böyüklər, ağsaqqallar deyir.


Elçilik
Ata ailəyə yaxın olan adamları - əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alırlar.
Oğlanın bacısı və ya gəlinləri qızı görüb, bir də ağzını “arayır”. Qızın razı olduğunu görəndə öz fikirlərini ona deyirlər. Sonra qızın anasının yanına gəlib eyhamla bildirirlər ki, “bəs filan gün sizə gəlirik, elçiliyə”.
Qızın anası da evdəkiləri bundan xəbərdar edir. Yaxın qohumlardan evə çağırırlar. Məsləhətləşdikdən sonra əgər öz aralarında razılığa gəlirlərsə, qızın da fikirini öyrənirlər. Bunu da qıza yaxın olan bacı, gəlin, ana və ya rəfiqəsi soruşur. Qız razı olduğunu bildirmək üçün həmişə : “özünüz bilərsiz” deyir.
Təyin olunmuş gündə elçilər gəlir. Uzun söhbətdən sonra mətləbi açıb deyirlər. Əgər qız tərəf razı deyilsə, rədd cavab verir. Bu söz daha dəyişilmir. Əgər razıdırsa, deyir ki, “qoy bir fikirləşək, götür -qoy edək məsləhətləşək, sonra qərara gələrik. İndi isə qonağımızsınız”.
Oğlan evi aradan bir müddət keçdikdən sonra yenidən, ikinci dəfə elçiliyə gəlir. Yenə də əvvəldən qız tərəfi xəbərdar edirlər ki, “sizə gəlirik”.
Qız evi bu dəfə hazırlıqlı olur. Qohum – qonşudan da ağsaqqal, ağbirçək dəvət edirlər.
Oğlanın elçiləri gəlir. Onları yuxarı başa keçirirlər. Qız tərəf də əyləşir. Bu məclisdə həm qadınlar, həm də kişilər iştirak edir. Təkcə qızın anasından başqa. O da otağa girib çıxır, ancaq onlarla oturmur.
Bir qədər söhbətdən sonra oğlan tərəfdən bir nəfər mətləbi gətirir əsas məsələnin üstünə. Qız tərəfə üzünü tutub, soruşur ki: “ hə, indi sizin son sözünüz nədir?” Qız tərəfdən də əmisindən, dayısından biri bir qədər yüngülcə minnətdən (daha qapımıza gəlmisiz, duz-çörək kəsmişik və s.) sonra “Allah mübarək eləsin”, “Xoşbəxt olsunlar” deyir. Oturanlar da birağızdan “Amin” söyləyirlər. Yeni qohumlar bir-birlərini təbrik edirlər.
Qızın bacısı və ya gəlinləri çay gətirir. Hamı “şirin çay” içir. Bundan sonra bəzən yemək də verirlər. Elçilər gedəndən sonra qızın bacısı və ya gəlinləri “gəlinin” “bacılığı”gilə yollanırlar. Çünki elçi gələndə qız evdə oturmaz. Onlar qıza mübarək deyir və evə gətirirlər.

Bəlgə və ya kiçik nişan
Qızın “hə”sini aldıqdan sonra uzağı bir aya qıza “bəlgə” deyilən kiçik nişan gətirirlər. Yenə də əvvəldən qız evini xəbərdar edirlər. Bu məclisdə iyirmi beş, otuz nəfərə yaxın adam iştirak edir. Burada ən çox qızın rəfiqələri, tay-tuşları olur. Onlar bəzədilmiş stolun arxasında, qızın dövrəsində əyləşirlər.
Oğlan evi gəlir, özləriylə bir nişan üzüyü, bir yaylıq və şirniyyat gətirirlər. Məclis başlanmamış oğlanın bacısı, qardaşı, gəlinləri və ya atası üzüyü qızın barmağına taxır, yaylığı çiyninə salır və bir şirni götürüb qıza dişlədir, yarısını isə götürüb oğlana gətirirlər.
Sonra hamı ağzını şirin eyləyir. Yeyib – içib şənlənirlər. Oğlan evi gedəndən sonra qızların məclisi başlanır. Nişanlanmış qız bir – bir sağ əlini subay qızların başına qoyur. Sonra durub yerini verir qızlara. Bir də qız üzüyünü kimə birinci versə, deyirlər indi növbə onundur, o, gedəcək.
Sonra qızlar evə gedəndə özləri ilə şirniyyat aparırlar. Gecə yatanda isə iki eyni cür nişan şirnisindən qoyurlar balışın altına. Deyirlər ki, onda gedəcəyi oğlanı yuxuda görürlər.

Böyük nişan
Bəlgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəfi çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Onu da alırlar. Ara günlərdə qaynana qızın yanına gələndə gətirir.
Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır.
Oğlan evi nişanı qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirirlər.
Hamı yeyib – içib, şənlənəndən sonra süfrə yığışır. Qızı oturdurlar yuxarı başda. Qabağına güzgü qoyurlar, şam yandırırlar. Xonçaları da düzürlər dövrəsinə. Nəmər verildikdən sonra oğlanın bacısı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Oturanlar da bir ağızdan “mübarəkdir” söyləyirlər. Sonra nişanda gəlmiş ətirlərdən birini götürüb, verirlər oturanlara, hamı onunla ətirlənir.

Bayramlıq
Toya qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən maraqlısı Novruz bayramlığıdır. Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər. Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət, başına xına qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa, şəkərbura, paxlava, qatdama, qoz – fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirirlər. Gəlinin başına, əlinə, ayağına xına qoyurlar.

Kəlmələşmə
Oğlanın ağsaqqalı qız evinə xəbər göndərir ki, sabah danışığa gəlirik.
Səhərisi gün oğlan tərəfdən əmi, dayı, ata və başqa yaxın adamlar, qohumlar iştirak edirlər.
Bu məclisdə çox vaxt kişilər iştirak edir. Burada bəzən qızın rəfiqəsinin və oğlanın dostunun ataları da iştirak edir.
Danışıqda toy günü təyin olunur. Toyda xərci oğlan evi verir. Bəzən qız atası xərc istəmir. Ancaq oğlan evi qız toyuna bacardığını göndərir. Danışıb razılığa gələndən sonra bir – birlərinə xeyir dua verib ayrılırlar.

Paltarbiçdi
Toydan əvvəl qız evində paltarbiçdi olur. Bu mərasimdə ancaq qadınlar iştirak edir. Gəlinə xonçalar gətirilir, şənlik düzənlənir. Qohum - əqraba qıza alınan hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürürlər. Sonra qızın bacısı gəlinin ata evindən aparacağı cehizi göstərir.

Cehiz
Toydan iki – üç gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir. Sonra gəlinin yaxınları, bacısı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qaynana evi bəzəyənlərə də xələt verir.

Çörəkbişdi
Toy günündən üç gün qabaq seçmə qadınlar, qız – gəlinlər yığışıb oğlan və ya qız evinə “çörəkbişdi”yə gəlirlər. Xəmir yoğrulur, kündə kəsilir, yuxa, lavaş yayılır. İlk bişən çörək oğul və ya qız anasına verilir. “Süfrəniz bərəkətli, çörəyiniz isti olsun” deyilir.

Qız şaxı
Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı “şax” qaldırır. Şaxqaldırma geniş yayılmış bir adətdir. Şax taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş bir toy bəzəyidir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şax qaldırır.
Bacılıqgildə süfrə açılır, şax bəzədilir. Cavanlar bacılıqgilə oynaya – oynaya gəlirlər. Burada şənlik keçirilir. Axşam təxminən saat doqquzda, onda oğlan evindən cavanlar gəlir qız şaxına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə “lopa” yandırırlar, tonqal qalayırlar, oxuyub – oynayırlar. Sonra da şaxı götürüb qız evinə gəlirlər. Qız evində də yeyib – içib şənlənirlər.

Xınayaxdı
Qızlar otağın birinə yığışırlar. Qız yengəsi də islanmış xınanı götürüb oynamağa başlayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib oğlan adamının qabağına qoyur. O da boş kasaya pul atıb, xınanı götürür. Oynaya – oynaya qızın yanına gəlir. Onun əllərinə, ayaqlarına xına qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub, nəmər salır.
Qızlar “xınayaxdı”da olanda oğlanlar oynayıb, şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər “ikirəngli” çay gətirib qoyur bəyin və dostlarının qabağına. Onlarda çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar.
Qızlardan biri xına gətirir. Oğlanlar da çeçələ barmağını xınaya batırırlar.

Kəbinkəsdirmə
Kəbinkəsdirmə toy günündən bir neçə gün qabaq olur. Kəbini adətən molla kəsir. Bu mərasimdə hər iki tərəfdən iştirak edir. Hər tərəfdən bir nəfər şahid olur. Mollaya pul, bir kəllə qənd pay verirlir.
Kəbinkəsdirmədə hər iki tərəfin yaxın adamı, həmçinin qız və oğlan iştirak edirlər.

Toy
Əvvəllər kəndlərdə üç gün toy olarmış. Mərasimə yığışan hər kəs yeni evlənənlərin şəninə təriflər deyir, ürək sözlərini söyləyir və şənlənirlər. Toy günü bəylə-gəlinin nikaha girməsi vacibdir. Əvvəllər bəyin yanında sağdışı ilə soldışı oturardı. Oğul anası onlara hədiyyə verərdi. Bəy toy mağarına gecikəndə kim onun yerində otursa hədiyyə alar.
Bəyi və ya gəlini öz toyunda oynadırlar. Deyilənə görə, bəy və ya gəlin öz toyunda oynayanda bolluq və ucuzluq olar.

Gəlin aparma
Azərbaycan xalqının ən qədim havası olan “Vağzalı”nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya – oynaya, oxuya – oxuya deyirlər:
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.
Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymur. Gəlin evdən çıxmamış ata – ana xeyir – dua verər. Qayını gəlinin belini qırmızı yaylıqla bağlayır. Gəlinin başına duvaq atırlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini üç dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.
Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm, su atırlar ki, aydınlıq olsun.
Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Gəlini qapıda əyləşdirib quvağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun. Gəlin ayağı altında qoyun qurban kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanlı olsun, oğlan evinə tez qaynayıb – qarışsın.
Gəlinin qaynanası başına sığal çəkər ki, mehribançılıq olsun.
Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun.
Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdışla, soldışın əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir.
Gəlin bəzədilmiş otağa aparılır. Hamı bir ağızdan “xoşbəxt olsun”, “oğullu – uşaqlı olsunlar” deyir.
Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlir.

Üzəçıxdı
Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10 – 15 gün sonra qaynana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qaynata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.

Gəlingördü
Toydan iki – üç ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, “filan gün gəlirik gəlini görməyə”. Oğlan evi hazırlıq görür. Qızın anası yaxın adamlardan götürüb gəlir qudasıgilə. Yeyib-içib şənlənirlər. Sonda Qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verir.

Ayaqaçdı
Gəlini gördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna “ayaqaçdı” deyirlər. Ayaqaçdıya kişilər də gəlir. Böyük məclis qururlur.
Qızın anası oğlana və qıza aldığı hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. Bir – iki gündən sonra əri gəlib aparır. “Ayaqaçdı”dan sonra bəylə - gəlin istədikləri vaxt ora gedib – gəlirlər.

Qonaqçağırma
“Ayaqaçdı”dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar “bəylə - gəlini” qonaq çağırırlar. Bu da bir növ “ayaqaçdı”ya bənzəyir. Qonaq çağırdıqdan sonra bəylə - gəlin onların evinə gedib - gəlirlər. Qonaq çağırarkən yeni ailə quranlara hədiyyə verirlər. Ümumiyyətlə, “bəylə - gəlin” kimi evinə ilk dəfə qədəm qoysa, o zaman onlara hədiyyə verirlər.



Oxunub: 109267