Baş səhifə    » MİLLİ FACİƏLƏR    » Qaçqın və məcburi köçkünlər   

Qaçqın və məcburi köçkünlər

  


Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. İran və Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya və Türkiyə arasında Adrianopol müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salındılar. Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçirmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş Irəvan xanlığı (sonradan Irəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını (9,7 min kv.km) yaratmış, tədricən onun ərazisini böyüdərək 29,8 min kv.km-ə çatdırmışlar.
Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlandı. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovuldu, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salındılar. 
1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirildi, onların yaşadıqları kəndlər talan edildi, dinc əhali qaçqın və didərgin vəziyyətinə salındı. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər öz çirkin niyyətlərindən əl çəkmir, Azərbaycana qarşı torpaq iddialarını davam etdirirdilər. Həmin dövrdə sərhədlərin dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndləri tədricən Ermənistanın tərkibinə qatılırdı. Kəndlərin yerli azərbaycanlı əhalisi isə müxtəlif üsullarla öz dədə-baba yurdlarını tərk etməyə məcbur edilirdi. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəldi. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atıldı. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur oldular. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olan erməni dövləti yaradıldı. 1923-cü ildə isə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilər yaşadığı Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Keçmiş Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli «Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarı əsasında 150 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarını tərk etməli oldular. Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir. 1985-ci ildə M.Qorbaçov Sovetlər Ittifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər “Böyük Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilmişdir. Hələ 1828-30-cu illərdə Rusiyanın köməyi ilə Azərbaycanın mərkəzi hissəsində - Dağlıq Qarabağda məskunlaşdırılan ermənilər dəfələrlə Dağlıq Qarabağı Azərbaycandan ayırmağa cəhd göstərmişlər. 
1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən ortaya atdılar. 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi. Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər qoca, qadın və uşaq isə əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir. Kitabçada Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı nəticəsində Azərbaycanda yaranmış bir milyona yaxın qaçqın və məcburi köçkünlər, onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, mövcud ehtiyaclar və s. barədə bəzi məlumatlar əks olunmuşdur.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində Azərbaycana pənah gətirmiş 250 min azərbaycanlıdan əlavə 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək ahıska (məshəti) türkü də Azərbaycanda sığınacaq tapmışdır. Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 – dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal olunmuş 81 kəndindən 80-i, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 6-sı hələ də işğal altındadır.
Beləliklə, hazırda Azərbaycanda bir milyonadək qaçqın və məcburi köçkün vardır.



Oxunub: 114772