Baş səhifə    » SƏHİYYƏ    » İnstitutlar   

Ali tibbi təhsil

  

Azərbaycan Tibb Universiteti
Azərbaycanın tibb profilli ali təhsil müəssisəsidir. Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır.
Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ.Şirokoqorov, S.Davidenkov, F.İlyin, L.Levin, N.Uşinski, K.Malinovski, P.Rostovsev, M.Çlenov və başqalarının böyük rolu olmuşdur.
Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qadın da var idi: sonralar elmlər doktoru, professor adı alan Adilə xanım Şaxtaxtinskaya və məşhur həkim Ceyran xanım Sultanova.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il may ayının 9-da Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-profilaktika) tibb institutuna çevrilməsi haqqında verdiyi 28799 saylı qərarı bu sahədə ən mühüm addım oldu.
1940-cı ilin əvvəllərində 3 fakültədə 45 kafedra fəaliyyət göstərirdi. İllik tələbə qəbulu 500 nəfər idi. 1940-cı il iyulun 1-də institutda 40 professor, 45 dosent, 137 assistent, 16 baş müəllim, 45 müəllim çalışırdı. Onların əksəriyyəti gənc azərbaycanlı alimlər idi.
1991-ci il fevralın 4-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ATİ-yə Universitet statusu verilmişdir, o vaxtdan etibarən institut N.Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanır.
Hazırda Universitetdə 142 elmlər doktoru və 692 elmlər namizədi çalışır.



Oxunub: 364152