Baş səhifə    » Cavad bəy Məlikyeqanov    »   

Cavad bəy Məlikyeqanov

  

Cavad bəy Məlikyeqanov (1878-1942)

Cavad bəy Məlikyeqanov Lənkəran şəhərinin general-qubernatoru olmuşdur. Azərbaycan xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısıdır. Qarabağ bəyləri nəslindəndir.
Cavad bəy Rza bəy oğlu  Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdur. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. Məlikyeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur. Cavad bəy Məlikyeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlikyeqanov və T.Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri"ni imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır. Məlikyeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş,sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin rəisi, 1927-28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N.Nərimanov adına Bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilmişdir. Məlikyeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ildə fevralın Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir.



Oxunub: 558893