Baş səhifə    » SON 10 İL    » Aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi   

Aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi

  


Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. 

Aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi
Əhalinin əsas  ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul əhalisinin böyük hissəsinin çalışdığı aqrar sektorun inkişafı siyasətinin əsası 90-cı illərin ortalarında qoyulub. Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu  proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. 

Sektorun inkişafına yönələn dövlət proqramları
Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da  əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır. 

"Aqrolizinq" ASC-nin yaradılması, yeni texnologiyaların və müasir texnikanın cəlb olunması

Aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir  texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Lakin yeni texnologiyaların cəlb edilməsi, müasir kənd təsərrüfatı texnikalarının alınması böyük vəsaitlər tələb etdiyindən dövlətin dəstəyi olmadan bu sahədə dönüş yaratmaq mümkün olmazdı. Bunu nəzərə alaraq Azərbaycan prezidenti 2004-cü ildə "Aqrolizinq" ASC-nin yaradılması barədə sərəncam verib. "Aqrolizinq" ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması və digər funksiyalar həvalə edilib. 
“Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verir və ya lizinq yolu ilə satır. İndiyədək “Aqrolizinq” ASC xəttiylə 9452 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikaları alınıb. 

Ərzaq təhlükəsizliyi üzrə xüsusi Dövlət Proqramının qəbulu
Dövlət siyasətinin əsas istiqaməti həm də ona yönəlib ki, daxili ərzaq bazarı idxaldan maksimum azaldılsın və ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin. 2008-ci ilin mayında isə ölkə prezidenti tərəfindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair ayrıca Dövlət Proqramı qəbul edilib. Bu proqram 2008-2015-ci illəri əhatə edir. Həmin Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ən mühüm sənəd hesab olunur. Proqramın qəbul olunmasının ardınca orada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək üçün büdcədən kənd təsərrüfatına ayrılan xərclər də 2009-cu ildə əhəmiyyətli ölçüdə-44 faiz artaraq 388.2 milyon manata çatdırılıb. Bu artım tendensiyası sonrakı illərdə də davam edib və gələcəkdə də davam edəcək.

Aqrar sektorun artımını əks etdirən statistika
Əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq 2003-cü ildən sonra aqrar sektorda inkişaf davamlı tendensiyaya çevrilib. 2003-2007-ci illər ərzində aqrar bölmədə real artım orta hesabla ildə 4,5 faiz təşkil edirdi. Bu tendensiya sonrakı illərdə də davam edib. 2011-ci ildə bitkiçilik məhsulları istehsalı 9,4 faiz, heyvandarlıq məhsulları istehsalı 3,6 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6,8 faiz artıb. 2012-ci ilin 9 ayın yekunlarına əsasən isə  kənd təsərrüfatı sahəsində 6,3 faiz artım əldə olunmuşdu. Həmçinin ötən illə müqayisədə taxıl istehsalı 1,6 faiz, o cümlədən buğda istehsalı 1,7 faiz artıb. Statistik göstəricilərə görə kənd təsərrüfatı Azərbaycana ÜDM-n 5,4%-ni verir. Burada əsas fondların 7,9%-i, məşğul əhalinin isə 38%-i cəmlənib. Hazırda bu sahədə 24000 müəssisə, 2800 fərdi sahibkar, 10000 ailə fermer təsərrüfatı fəaliyyət göstərir və 550 emal müəssisəsi işə salınıb.

Subsidiya və güzəştli kreditlər

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. Elmi tədqiqat institutlarında istehsal olunmuş məhsuldar toxumların dəyərinin isə 30-40 faizi dövlət tərəfindən ödənilir. Fermerlərə yanacaq 50% endirimlə satılır, onlar gübrələri dəyərinin 50-75%-nə alırlar. Bu maddi yardımlar kənd təsərrüfatı məhsullarının idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa yardım milli fondu tərəfindən verilən vəsaitlərin əsas hissəsi də kənd təsərrüfatına yönəlib. Həmçinin ət, süd və yağ istehsalında artıma nail olmaq üçün ölkəyə damazlıq heyvanların gətirilməsi üçün xüsusi proqram var. Bu proqram əsasında Kənd Təsərrüfatı Nazirliyi dövlət vəsaitləri hesabına Avropa ölkələrindən indiyədək 5 mindən çox damazlıq heyvan gətirib, proses gələcəkdə də davam edəcək. Gətirilən heyvanların hamısı lizinq yoluyla kəndlilərə verilib. Digər fəaliyyət sahəsi iri fermer təsərrüfatlarının yaradılmasıdır və prezidentin tapşırığına əsasən yaxın illərdə ölkədə 50 iri taxılçılıq təsərrüfatı formalaşdırılmalıdır. 

Hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını (bəzi məhsullara görə artıqlaması ilə, bəzi məhsullara görə böyük ölçüdə)  ödəməyə imkan verir və mütəxəssislərə görə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından orta səviyyədə qiymətləndirilir. Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur və ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verə bilər. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış İnkişaf" Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.



Oxunub: 407712