Baş səhifə    » SON 10 İL    » Enerji resurslarının nəqli strategiyası   

Enerji resurslarının nəqli strategiyası

  


Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Ötən əsrin 90-cı illərinin ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan Azərbaycan paralel olaraq neft-qaz resurslarının xarici bazarlara nəqli üçün də milli maraqlar üzərində qurulmuş strateji xətt yürüdür. Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik olmaq  və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində qurulub. Bölgənin enerji resurslarının çoxşaxəli nəql marşrutları həm Azərbaycanın, həm Azərbaycan neftinin və qazının əsas alıcılarının, bütövlükdə Avropa qitəsinin maraqlarına cavab verir.

İlk neft nəqli marşrutları
Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan öz neftini nəql etmək üçün cəmi bir marşruta-Şimal marşrutuna malik idi. Azərbaycan nefti əsasən uzunluğu 1330 kilometr olan Bakı-Novorosiysk neft kəməri ilə Qara dənizin Novorosiysk limanına nəql olunurdu. Bu kəmərlə neft nəqlinə dair ikitərəfli müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. Tərəflər həmin müqavilə ilə Rusiya ərazisindən Azərbaycan neftinin nəqlinin hüquqi-texniki məsələlərini razılaşdırıblar. Müqavilənin ilkin şərtlərinə uyğun olaraq 1997-ci il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsi ilə dünya bazarına çıxarılmağa başladı. Eyni zamanda Azərbaycan neft nəqlində alternativ marşrutların mövcudluğuna nail olmaq üçün milli mənafeyə cavab verən siyasət yürdüb. Bütün siyasi risklərə baxmayaraq 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin qurduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilə Azəri, Çıraq, Günəşli yataqlardan çıxan ilkin Azərbaycan neftinin  Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Bakı-Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanıb. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı, kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır. Belə ki, neftin Novorossiyskə nəqlinin tonu 15,67, Supsaya nəqli isə 13,14 ABŞ dollarına başa gəlir. Qərb istiqamətində uzanan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. Bakı-Supsa kəmərinin işə düşməsi Cənub enerji dəhlizinin əsasını qoyub, Azərbaycan öz müstəqilliyi tarixində ilk dəfə neft nəqlində alternativ marşruta malik olub.

Qlobal əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri 

2006-ci ildə istifadəyə verilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri (BTC) isə ölkənin milli maraqları üzərində qurulan, müstəqilliyini möhkəmləndirən neft nəqli strategiyasının davamında ən mühüm hadisədir. “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan neft (gündə 1 milyon barrelə yaxın) bu kəmərlə dünya bazarlarına nəql olunmaqdadır. BTC-nin uzunluğu 1768 kilometrdir, onun tikintisi 2005-ci ildə yekunlaşıb. 2006-cı il mayın 28-də kəmərə vurulmuş ilk neft Türkiyənin Ceyhan limanına çatıb. Kəmərin rəsmi açılış mərasimi isə həmin il iyulun 13-də Ceyhan limanında və İstanbulda 98 ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilib. Strateji əhəmiyyətli BTC kəməri layihəsinin həyata keçirilməsi uzun müddət davam edən gərgin proseslərin, mürəkkəb danışıqların nəticəsidir. 
İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyi  26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan, və Türkiyə prezidentlərinin Trabzon görüşündə qətiləşib. Prezidentlər bəyan ediblər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olacaq. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində xam neftin Azərbaycan, Gürcüstan, Türkiyə əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair üç ölkə prezidentləri arasında saziş imzalanıb. Eyni gün Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi də imzalandı. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanıldı və inşaat işləri 2005-ci ildə yekunlaşdı. Kəmərin tikintisinə 4 milyard dollara yaxın vəsait xərcləndi. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir.
BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulub. BTC istismara verilən gündən 2012-ci ilin may ayının 30-dək Ceyhan limanından 185,9 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. BTC  boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyət kəsb edir. BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.

Qaz nəqlində çoxşaxəlilik: cənub qaz dəhlizinin əsası qoyulur

Azərbaycan neftlə yanaşı qaz nəqlində də çoxşaxəli nəql marşrutlarına malik olmaq siyasətinə əsaslanır. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsinin ardınca Azərbaycan qazını Türkiyəyə nəql etmək üçün Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzrum qaz kəməri) layihəsinin həyata keçirilməsi üçün işlər başlayıb. Kəmərin tikintisi 2004-cü ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Kəmərlə Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından (Faza-I) hasil edilən qazın bir hissəsi (təxminən ildə 7,7 milyard kubmetr) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilir. Uzunluğu 970 kilometr, yükgötürmə qabiliyyəti isə ildə 30 milyard kubmetr olan kəmər Bakı-Tbilisi-Ceyhan kəmərinə paralel çəkilib. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq, Türkiyə bu kəmər vasitəsilə 15 il ərzində 91,0 milyard kubmetr qaz almalıdır. 2007-ci il martın 13-də ilk “Şahdəniz” qazı bu kəmərə vurulub. Cənubi Qafqaz Neft Kəməri Azərbaycan qazının təkcə Türkiyə bazarlarına deyil, oradan Avropa bazarlarına nəqli üçün də imkanlar açır. Artıq Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan qazı Türkiyədən Yunanıstana nəql olunub.

Şimal marşrutu: Azərbaycan rusiyaya qaz ixrac edən ölkəyə çevrilir
Azərbaycan qazının nəqlində yeni açılan Şimal marşrutu isə bir vaxtlar çoxları üçün gözlənilməz hesab edilirdi. Çünki Azərbaycan əvvəllər özü Rusiyadan qaz alırdı və qaza olan tələbatının bir hissəsini bu ölkədən idxal hesabına təmin edirdi. Lakin Azərbaycanın uğurlu enerji strategiyası ölkənin qazla təminatında idxaldan asılılığı tamamilə aradan qaldırdı. 2007-ci ildə Azərbaycan Rusiyadan qaz almağı dayandırdı və tələbatı bütünlüklə daxili mənbələr hesabına təmin etməyə başladı. Çox keçmədən Rusiya özü Azərbaycandan qaz ixrac edən ölkələr sırasına daxil oldu. Azərbaycanla Rusiya arasında qaz alqı-satqısına dair müqavilə “Qazprom»la  ARDNŞ arasında 2009-cu il oktyabrın 14-də bağlanıb. Müqavilə sonradan uzadılma imkanı ilə 2010-2015-ci illəri əhatə edir. Həmin müqavilə əsasında Azərbaycan 2010-cu ilin yanvarında Rusiyaya qazın nəqlinə başlayıb.  Həmin il Rusiyaya 800 milyon kubmetr Azərbaycan qazı nəql edilib. Sonradan qaz nəqlinin həcmi artırılıb, 2012-ci ildə bu rəqəmin 2 mlrd. kubmetrə çatdırılması gözlənilir. “Qazprom” 2013-cü ildə həcmi daha da artıraraq 3 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Enerji strategiyasının region üçün əhəmiyyətini göstərən faktlardan biri də Azərbaycanın bölgədəki strateji tərəfdaşı olan Gürcüstanın qaza olan tələbatını təmin etməsidir. Hazırda Azərbaycan Hacıqabul-Qazax-Qardabani kəməri vasitəsilə Gürcüstana qaz nəql edir və bu ölkənin qaza olan tələbatını ödəyir. İran istiqamətində uzanan Hacıqabul-Astara-Bilənd  kəməri də qaz nəqlində istifadə olunan 4 marşrutdan biridir.

“Şahdəniz-II” qazının nəqli üçün marşrut seçimi

Böyük qaz ehtyatlarına malik “Şahdəniz” yatağının ikinci fazasından hasil ediləcək qazın nəql marşrutlarının seçilməsi ətrafında illərdir davam edən mürəkkəb proseslər də Azərbaycanın milli mənafeləri baxımından uğurla nəticələnməkdədir. “Şahdəniz-II” qazının nəqli üçün hansı marşruta üstünlük verilməsi uzun müddət dünyanın ən güclü dövlətlərinin Cənubi Qafqaz regionu üzrə siyasətlərinin başlıca prioritetlərindən biri idi. Bu məsələdə  həm siyasi, həm də kommersiya maraqları rol oynamaqda idi. Müzakirələr xeyli müddət Avropa Birliyi və ABŞ tərəfindən dəstəklənən “Nabucco” layihəsi ətrafında gedib. Layihə müəllifləri “Nabucco” kəmərini Cənub qaz dəhlizinin mühüm tərkib hissəsi kimi görürdülər. 

Azərbaycan ən sərfəli variantı seçir
Azərbaycan bu layihə ilə bağlı öz milli maraqlarından çıxış edən mövqe nümayiş etdirib, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan “Nabucco” layihəsini dəstəkləyir. Digər tərəfdən, Azərbaycan öz qaz resurslarının ən əlverişli şərtlərlə dünya bazarlarına nəqlinə nail olmaq əzmində olduğunu nümayiş etdirib, bu məqsədlə hücum strategiyası yürüdüb. Azərbaycan tranzit ölkələrlə və potensial alıcılarla danışıqlarda öz mövqelərini gücləndirmək üçün “Nabucco” layihəsinə dəstək verməklə yanaşı, digər nəql marşrutları açmaq üçün uğurlu diplomatiya həyata keçirib. Hücum strategiyasında ilk gediş 2010-cu ildə Buxarestdə AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektor) layihəsi ilə atıldı. Tranzit ölkələrinin sayının az olmasının əsas üstün cəhəti olan bu layihə bir çox Avropa ölkələrinin bazarına çıxmaq üçün əlverişli marşrut hesab edilir. Azərbaycanın Gürcüstan ərazisindən Rumıniyaya maye qaz daşımasını nəzərdə tutan AGRİ-nin dəyəri nəql olunacaq qazın həcmindən asılı olaraq 2-4 mlrd. avro təşkil edirdi. Ötürüləcək qazın həcmi isə mərhələlərlə 2 mlrd. kub.metrdən 8 mlrd. kub.metrədək planlaşdırılmışdı. İkinci mühüm gediş isə həmin il imzalanan Azərbaycan-Türkiyə qaz anlaşması olub. Həmin anlaşmada Azərbaycanla Türkiyəni birləşdirən yeni qaz kəmərinin çəkilməsi də yer alıb. 
Xəzər sahillərindən Avstriyaya qədər uzanacaq “Nabucco” kəməri layihəsinin bir tərəfdən durmadan bahalaşması, digər tərəfdən potensial alıcılarla hasilatçılar arasında “Nabucco” vasitəsilə qaz alqı-satqısına dair müqavilələrin imzalanmasının uzanması, Azərbaycanın isə öz qazının ən əlverişli şərtlərlə alıcılara çatdırılması üçün alternativ nəql marşrutlarını reallaşdırmaq üçün uğurlu siyasət yürütməsi bu layihəyə yenidən baxılmasına gətirib çıxardı. “Nabucco” konsorsiumu 2011-ci ildə bu layihənin kiçildilmiş variantı olan  “Nabucco West” layihəsini irəli sürdü. Paralel olaraq Azərbaycanla Türkiyə arasında yeni qaz kəmərinin çəkilməsinə dair  2010-cu ildə əsası qoyulmuş razılaşmaların həyata keçirilməsi istiqamətində mühüm addım atıldı.

TANAP kəməri müqaviləsi

2012-ci il iyunun 27-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Recep Tayyip Erdoğan Trans Anadolu təbii qaz kəməri -TANAP barədə müqavilə imzaladı. Müqavilə ildə Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından çıxarılan qazın ildə 16 milyard kubmetrinin Türkiyəyə nəqlini nəzərdə tutur. Bu həcmin 6 milyardı ölkənin daxili təlabatına yonəldiləcək, 10 milyard kubmetri isə Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq. Azərbaycandan Dövlət Neft Şirkətinin,Türkiyədən BOTAŞ və TPAO'nun ortaqlığı ilə yaradılan TANAP layihəsi 7 milyard dollar sərmayə ilə altı ildə həyata keçiriləcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Gələcəkdə kəmərin buraxılış gücünün artırılması mümkündür. Layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP-la Türkiyəyə, oradan “Nabucco West”lə Avropaya
2012-ci il iyunun 28-də “Şahdəniz” konsorsiumu Cənubi-şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının dəyərləndirilməsi mərhələsini yekunlaşdırdı. Yatağın işlənməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Mərkəzi Avropaya potensial ixracı üçün variant kimi “Nabucco West” layihəsinin seçildiyini elan etdi. Beləliklə, TANAP kəməri ilə Türkiyəyə nəql edilən Azərbaycan qazı “Nabucco West” vasitəsilə Avropa bazarlarına çıxarılacaq. “Nabucco” layihəsi qazın Azərbaycanın sərhədində alışını nəzərdə tuturdusa, “Nabucco West” layihəsinin TANAP-la birləşməsi sayəsində qaz  Avropada daha yüksək qiymətlə satıla biləcək. Özü də “Nabucco West” yalnız Azərbaycan qazının ixracı üçün nəzərdə tutulub. Bütün həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu artırır.

Azərbaycanın qaz nəqlinə dair yürütdüyü strategiya onun dövlət və iqtisadi maraqlarının təmin olunması üzərində qurulub. Bu strategiya Azərbaycan dövlətinin regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə, onun Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilməsinə imkan yaradıb.



Oxunub: 381200