Baş səhifə    » DİL    » Azərbaycan dilinin qrammatikası    » Azərbaycan dilinin sintaksisi   

Azərbaycan dilinin sintaksisi

  

Azərbaycan dilində söz birləşmələri birinci növbədə sərbəst və sabit birləşmələr deyə iki yerə bölünür (sərbəst birləşmə-görkəmli yazıçı; sabit birləşmə-əldən düşmək).
Tabe edən tərəfin ifadə vasitəsinə görə söz birləşmələri belə müəyyənləşib: ismi birləşmələr (dəmir qapı, ağlayan uşaq, oxunacaq kitab və s.) və feli birləşmələr (kəndə getmək, hekayəni oxuyan, taxıl əkmək və s.)
Azərbaycan dilində cümlə məqsəd və intonasiyaya görə dörd növə ayrılır: nəqli, sual, əmr və nida cümlələri.
Azərbaycan dilində cümlənin iki baş (mübtəda və xəbər), üç ikinci dərəcəli üzvü (tamamlıq, təyin və zərflik) var.
Azərbaycan dili cümlələrində söz sırası müəyyən qayda-qanuna tabe olur. Belə ki, hər bir cümlə üzvü müəyyən sıra ilə digər üzvün yanında gəlir. Bunu belə qruplaşdırmaq olar:
1) mübtəda - xəbər; 2) təyin – təyin olunan; 3) zərflik – xəbər; 4) zərflik – təyin; 5) tamamlıq – xəbər və s.
Cümlə üzvlərinin iştirakına görə Azərbaycan dilinin sadə cümlələri cüttərkibli, təktərkibli, geniş, müxtəsər, bütöv və yarımçıq deyə altı növə ayrılır.
Azərbaycan dilinin mürəkkəb cümlələri tabesiz və tabeli mürəkkəb cümlələr olmaq üzrə iki yerə bölünür.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri bir-biri ilə müəyyən məna əlaqələri ilə bağlanır. Bu əlaqələr aşağıdakılardır: zaman, yer, ardıcıllıq, səbəb-nəticə, aydınlaşdırma, ziddiyyət və birləşdirmə əlaqələri. 
Tabeli mürəkkəb cümlələrdə iki qütb var: baş və budaq cümlələr. Azərbaycan dilində budaq cümlələrin ondan yuxarı növü vardır: mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, təyin budaq cümləsi, tamamlıq budaq cümləsi, zərflik budaq cümləsi (zaman, yer, tərzi-hərəkət, səbəb-məqsəd, kəmiyyət, şərt, nəticə, qarşılaşdırma) budaq cümlələri.



Oxunub: 82319