Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Natiq Əliyev   

Natiq Əliyev

  

Natiq Əliyev (1958)

Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirib.
Onun 1990-cı ildə yaratdığı Əlağa Vahidin abidəsini bir çox məziyyətlərinə görə heykəltəraşlıqda hadisə hesab etmək mümkündür. Belə ki, tutumlu abidənin tək portretlə ifadə olunması və obrazın üzərinin təsvirlərlə örtülməsi Azərbaycan heykəltəraşlığında bu vaxta qədər rast gəlinməyib.
Dahi rumın bəstəkarı Corc Eneskunutunc abidəsinin də müəllifi Natiq Əliyevdir. Natiq Əliyev 2004-cü ildə eks prezident Heydər Əliyevin Kiyevdə abidəsini ucaldıb. O, Şəkinin Kiş kəndində məşhur norveç səyyahı Tur Heyerdalın şərəfinə qoyulmuş tunc heykəlin də müəllifidir.
Memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Onun əsasən 1987-ci ildən sonra yaratdığı bu səpkili əsərləri arasında paytaxtın müxtəlif binalarını bəzəyən Məmməd Səid Ordubadi (1987), Abdulla Şaiq (1988), Xurşudbanu Natəvan (1989), Cəlil Məmmədquluzadə (1992), general-leytenant Hüseyn Rəsulbəyov (1993), Afiyəddin Cəlilov (1994), akademik Lətif İmanov (1995), Şövkət Ələkbərova (1996), İlyas Əfəndiyev (1997), Mirvarid Dilbazi (2004), Əli Tudə (2005), Cabir Novruz (2006), dövlət xadimi Nəsrulla Nəsrullayev (2006), Zeynal Cabbarzadə (2007) ünvanlı xatirə lövhələrini, eləcə də Fəxri Xiyabanda qərarlaşan İlyas Əfəndiyev (1996), Həqiqət Rzayeva (1998), Cabir Novruz (2003), Bəşir Səfəroğlu (2005) və Osman Mirzəyevin (1992) məzarüstü abidələrini qeyd etmək olar.
Natiq Əliyev Sovet dönəmində Respublika Gənclər Mükafatının laureatı (1989) olub. 2000-ci ildə Rəssamlar İttifaqının "Sultan Məhəmməd” mükafatına layiq görülüb. O, heykəltəraşlıq sahəsində qazandığı uğurlara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə” mükafatını da (2008) alıb.
Sənət uğurlarına görə 2002-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2005-ci ildə isə Xalq rəssamı fəxri adları verilib. O, 2008-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib, akademiyanın "Dostoynomu" medalına layiq görülüb.
Natiq Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, indi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir.



Oxunub: 174961