Baş səhifə    » FƏLSƏFƏ    » XX-XXI əsrlərdə fəlsəfə    » Marksist-Leninçi ideologiya   

Marksist-Leninçi ideologiya

  

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda marksist-leninçi ideologiya hakim mövqeyə keçdi ki, bunun da əsas səbəbi mövcud rejimin məhz bu ideyalardan dəstək alması idi. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra ölkədə marksizm-leninizmə müxalif olan ideoloji cərəyanların fəaliyyəti dayandırıldı, qeyri-marksist fəlsəfi və ictimai-siyasi problemlərin tədqiqinə son qoyuldu.
Bu dövrün mütəfəkkirləri arasında həkim, ədib, dövlət xadimi N.Nərimanovun (1870–1925) xüsusi yeri vardır. Əvvəl maarifçiliyin, 1905–1907-ci illərdən sonra marksist-leninçi fəlsəfənin mövqeyinə keçən, 1917-ci ildən isə ardıcıl marksist-filosof olan N.Nərimanov məqalələrində və marksist fəlsəfəsinə dair “Kommunizmin idraki yolu” monoqrafiyasında (Azərbaycan və rus dillərində əlyazması şəklindədir) dialektik və tarixi materializmin əsaslarını şərh etmiş, fəlsəfi terminologiyanın Azərbaycan dilində müvafiq anlamlarını vermişdi. O, elmi biliklərin yayılması, dinin dövlətdən ayrılması ideyalarını əsaslandırmış, “sənət sənət üçün” konsepsiyasına tənqidi yanaşmışdır. Demokratiya və humanizmin təbliğatçısı, ardıcıl beynəlmiləlçi olan N.Nərimanov öz nəzəri irsində milli qırğın və milli bərabərsizliyi kəskin tənqid etmişdir. Müəyyən dövr marksizmin, xüsusən “bütün məzlumların və bəşəriyyətin müəllimi hesab etdiyi” Leninin irsinin Şərq üçün əhəmiyyətli olacağı fikri N.Nərimanovun ictimai görüşlərində xüsusi yer tuturdu. Sovet hakimiyyətinin real siyasəti N.Nərimanovun bu hakimiyyətə və onun rəhbərlərinə inamını tam itirir və o, oğluna yazdığı məktublarında V.İ.Lenin, İ.V.Stalin diktaturasının xalqa və beynəlmiləlçiliyə vurduğu ziyana və terror siyasətinə açıq etirazını bildirir. Marksizm nəzəriyyəsi ilə proletar diktaturası siyasəti arasında ziddiyyəti cəsarətlə açıqlayan N.Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində sovet hökumətinin Şərqi və Azərbaycanı “başdan-başa qarət etməsi, insanları kütləvi surətdə güllələməsi” haqda yazırdı.
XXəsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu marksist-leninçi ideologiya uğrunda edam edilmiş, konslagerlərdə ölənədək işlədilib qətlə yetirilmiş, “sürgün” edilərək Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla acından öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir.
1920-ci ildə Azərbaycanda sosial-siyasi həyat və ictimai fikirdəki fərqli prioritetlər, onların ictimai şüurda əksi, millətin siyasi və mənəvi baxımdan parçalanmasına, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna, ideoloji həyatda getdikcə marksizmin kök salmasına və yeni sosial quruluşun qələbəsinə gətirib çıxartdı. Yeni hakimiyyət dövründə terror və siyasi repressiyalar vasitəsilə millətin mövcud rejimə siyasi və ideoloji müxalifəti, xüsusən ziyalıları müntəzəm olaraq məhv edilirdi. Marksist-leninçi ideologiyanın hakim ideologiyaya çevrilməsi üçün geniş imkanlar yarandı. Məqsədyönlü və ardıcıl siyasi və ideoloji təbliğat yolu ilə yeganə hakim dünyagörüşünə çevrilən marksist-leninçi fəlsəfə sovet hakimiyyəti illərində özünəməxsus təkamül dövrünü keçdi. Bu dövrdə Azərbaycanın proletar diktaturası və marksizm fəlsəfəsinə müxalif mütəfəkkirlərinin bir qismi siyasi repressiya qurbanı oldu, digər hissəsi isə mühacirət edərək xaricdə siyasətlə bərabər fəlsəfə sahəsində də öz fəaliyyətlərini davam etdirdilər. Beləliklə, Azərbaycanın qeyri-marksist fəlsəfəsi mühacirətdə- Şərq və Avropa ölkələrində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Hüseyn Baykara, Mirzəbala Məmmədzadə, Əbdülvahab Yurdsevər və b. tərəfindən inkişaf etdirilir və yayılırdı.
XIX əsrin sonu- XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi fikrinə xas türkçülük, islamçılıq və müasirlik prinsipləri üzərində yüksələn və müstəmləkə Şərqinin dirçəliş ideologiyası kimi səciyyələndirilən bu ideyalar qlobal məkanda türk xalqlarını müstəqilliyə hazırlamaq baxımından zəruri idi. Bu zərurətin nəticəsidir ki, sovet hakimiyyətinin süqutundan sonra bu üç prinsip zamanın sınaqlarından çıxaraq milli ideologiya və fəlsəfi dünyagörüşünün ontoloji və sosioloji aspektlərinin müddəaları kimi yaşamaqdadır.
Təxminən XX əsrin 20-ci illərindən başlayaraq 80-ci illəri ortalarına qədər Azərbaycanda marksist-leninçi ideologiyanın hakimliyi yalnız sosialist ruhlu fəlsəfənin mövcudluğunu şərtləndirirdi və bu fəlsəfə dayanıqsız olan rejimin ideoloji təbliğat maşınına xidmətdan başqa bir iş görmürdü.
Belə bir vaxtda Azərbaycanda marksizmə və kommunist ideologiyasına alternativ təlim yaradılması və bu təlimin gənclər arasında təbliğ olunması Asif Əfəndiyevin (Asif Ata) rəhbərliyi ilə həyata keçirilirdi. O, qadağan olunmuş Qərb təlimləri və ifrat Şərq düşüncəsi zəminində yeni maksimalist bir təlim hazırlamışdı ki, onun da əsas prinsipi və məqsədi insan mənəviyyatını önə çəkmək və «kamil insan» yetişdirməkdən ibarət idi. «İnsanı kamilləşdirmədən cəmiyyəti təkmilləşdirmək olmaz» tezisi açıq-aşkar marksizmə zidd olmaqla yanaşı, həmçinin, insana, onun mənəvi aləminə istinad edən Şərq fəlsəfi düşüncəsinin də ifrat variantını önə çəkirdi. Belə ki, «cəmiyyəti təkmilləşdirmədən kamil insan yetişdirmək olmaz» deyən marksizm digər ifrat qütb kimi tamamilə atıla bilməzdi. Ən optimal yol bu iki qütb arasında dayanmaqla onların sintezindən çıxış etmək idi.
Sovetlər birliyi dağılan kimi imperiyadan xilas olan bütün ölkələr kimi Azərbaycanda da marksist-leninçi ideologiya böyük sürətlə tənəzzülə uğradı.



Oxunub: 75905